“Yarış yüksək səviyyədə keçdi”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu Əhməd Yusifov deyib.
O, Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında çıxışını dəyərləndirib. 60 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə yüksələn Yusifov bildirib ki, rəqibləri kifayət qədər güclü olub: “Yarışa çox ciddi hazırlaşmışdım. Məqsədim çempion olmaq idi. Təəssüf ki, üçüncü yerlə kifayətlənməli oldum. Rəqiblərimin hamısı güclü idi. Mənə görə, ən güclüsü isə fransız idmançı Luka Mxeidzeyə və ispan Fransisko Qarriqos idi. Onlardan birinə qalib gəlsəm də, digərinə məğlub oldum”.
Yusifov növbəti çempionatda bürüncü qızıla çevirmək istəyir: “Növbəti yarışda əlimdən gələnin ən yaxşısını etməyə çalışacam ki, birinci olum. Əsas hədəflərim isə dünya çempionatının və Olimpiadanın qızılıdır. Bu məqsəd üçün də çalışırıq”.
Qeyd edək ki, bürünc medal uğrunda ispaniyalı Fransisko Qarriqosla üz-üzə gələn Yusifov üçqat Avropa çempionuna ipponla qalib gələrək, Avropa çempionatında komandamıza ilk medalı qazandırıb.
Aytac Sahəd
İdman.biz