"Həmişə olduğu kimi, komandada bütün idmançılar eyni vaxtda öz potensialını göstərə bilmir".
İdman.biz xəbər verir ki, bunu kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına açıqlamasında deyib.
O, həmişə olduğu kimi, komandada bütün idmançıların eyni vaxtda öz potensialını göstərə bilmədiyini söyləyib: "İlk yarış günündə bir qədər məyus oldum. Amma Əhməd Yusifov bu səviyyədə ilk medalını – bürünc qazandı ki, bu da müsbət irəliləyişdir. Təəssüf ki, qızıl medal potensialı olan daha iki idmançımız, xüsusən də -66 kiloqram çəkidə Ruslan Paşayev səhvlərə yol verdi. Halbuki, o, əvvəllər həmin çəkidəki rəqiblərini məğlub etmişdi. Amma cüdo belə bir idmandır – nəticələri əvvəlcədən proqnozlaşdırmaq olmur. İkinci yarış günü isə məni sevindirdi. Əslində, Olimpiya və dünya çempionumuz Hidayət Heydərov tatamiyə çıxmalı idi, lakin son anda xəstələnərək yarışdan çəkildi. Biz də qarışıq komanda heyətində olan Rəşid Məmmədəliyevi gətirdik və o, bürünc medal qazandı. Çox möhtəşəm çıxış idi, xüsusən də zədədən yenicə qayıtdığı üçün. Üçüncü yarış günündə isə Murad Fətiyevin italyalı Kristian Parlati ilə yarımfinal döyüşündə verilən qərardan razı qalmadım. Eyni hal -81 kiloqram çəki dərəcəsində Zelim Tçkayev və Tato Qriqalaşvili arasındakı görüşdə də baş verdi. Qərarlarla razı olmasam da, qəbul etməliyik".
Baş məşqçi Hidayət Heydərovun dünya çempionatında iştirakının gözlənildiyini bildirib: "Plan budur. İlk növbədə tam sağalmalı, sonra isə məsuliyyətli şəkildə hazırlığa başlamalıyıq".
Mütəxəssis qadın cüdosunda vəziyyətin hələ radikal dərəcədə dəyişmədiyini deyib: "Lakin artıq bu istiqamətdə ciddi hədəflər qoymuşuq. Sadəcə vəziyyəti olduğu kimi qəbul etmək niyyətində deyilik. Fransadan Amina Abdellatif və Almaniyadan Saşa Herkenrat kimi iki yüksək səviyyəli məşqçini qadın komandamız üçün gətirmişik. Əsas məqsəd yığmada atmosferi dəyişməkdir. Qadın idmançının qələbə üçün özünəinamını inkişaf etdirməsi çox vacibdir. Potensial baxımından qadın cüdosu hələ məhduddur, çünki yüksək səviyyədə ciddi məşq edəcək və “Olimpiya çempionu olacağam” deyə bilən qadınların sayı azdır. Federasiya rəhbərliyimiz qadın cüdosuna ciddi sərmayə yatırmaqda qərarlıdır. Lakin bu, sadəcə məşq prosesi ilə həll olunmur. Cəmiyyətdə qadınların peşəkar idmanla məşğul olması daha çox dəstəklənməlidir. Bu isə yalnız böyük uğurlarla mümkündür. Rol model yaratmaq çox vacibdir. Məsələn, Özbəkistandan Diyora Keldiyorova əslində çox yaxşı nümunədir. İlk olaraq qızlarımızın daha çox beynəlxalq təcrübəsini istəyirik. Yeni məşqçilər ilk mərhələdə idmançıları və onların xüsusiyyətlərini tanıdılar. İndi isə fərdi inkişaf planlarını hazırlayırıq. Əgər bir-iki qadın idmançımız elit səviyyəyə yüksəlsə, domino effekti yarana bilər. Kişilərdə bunu artıq müşahidə edirik. Əldə olunmuş uğurlar sayəsində indi daha çox oğlan cüdo ilə məşğul olmaq istəyir".
İdman.biz