Nazim Hüseynov: “Cüdonu biznesə çeviriblər”

Xəbərlər
29 Aprel 2025 10:54
303
Nazim Hüseynov: “Cüdonu biznesə çeviriblər”

“Cüdoçuların çıxışı çox xoşuma gəldi”.

Bunu İdman.biz-ə cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynov deyib.

Azərbaycan millisinin sabiq məşqçisi yığmamızın Monteneqronun paytaxtı Podqortisada keçirilmiş Avropa çempionatında çıxışını dəyərləndirib. Hüseynov bildirib ki, cüdoçularımız bu yarışda özünü yaxşı tərəfdən göstərməyi bacarıb: “Qızıl medal yoxdursa, o demək deyil ki, komanda zəif çıxış edib. Fərdi olaraq yanaşsaq, fransız idmançı Luka Mxeidze ilə görüşdə Əhməd Yusifov (60 kq) ağrıdıcı fəndə düşməsəydi, yekunda çempion ola bilərdi. 73 kq-da çıxış edən Rəşid Məmmədəliyev də özünü yaxşı tərəfdən göstərməyi bacardı. Gürcü Tato Qriqalaşvili Zelim Tçkayevdən (81 kq) qorxurdu. Ona görə də qalib gələndə o qədər sevindi. Mənə elə gəlir ki, orada fənd yox idi. Tçkayev onu atmaq istəyirdi, Qriqalaşvili hərəkət elədiyinə görə ippon verdilər. Tçkayev finala çıxsaydı, dəqiq çempion olardı”.

Onun sözlərinə görə, Olimpiya çempionu Zelim Kotsayev (100 kq) yaxşı formadadır: “Belə davam edə bilsə, mən onu ikiqat Olimpiya çempionu kimi görürəm. Nəzərə alsaq ki, Zelimin 26 yaşı var, o nəticə gətirə bilər. Bizə ikiqat Olimpiya çempionu lazımdır. Murad Fətiyevi (90 kq) sıxdılar, gərək ona xəbərdarlıq verməzdilər. İndi cüdonu biznesə çeviriblər. Bir dəfə qolundan tutan kimi xəbərdarlıq verirlər. Uşanqi Kokauri (100) də pis deyil, ancaq yaş artıq öz sözünü deyir. O, neçənci dəfədir ki, yarımfinala çatır, ancaq “üçlük”də, “beşlik”də yer alır”.

Təcrübəli mütəxəssis qarşıdan gələn dünya çempionatından da gözləntilərini açıqlayıb: “Yekun olaraq qeyd edim ki, mən nəticələrdən razı qaldım. İlk dəfədir ki, Avropa çempionatından beş medal gətirmişik. Qarşıda dünya çempionatı var. Məncə, bu dəfə minimum bir dünya çempionumuz olacaq”.

Qeyd edək ki, Avropa çempionatını bir gümüş, dörd bürünc medal qazanan Azərbaycan yığması yarışı komanda hesabında 10-cu pillədə başa vurub.

Aytac Sahəd
İdman.biz