Azərbaycan cüdosunun veteranı Orxan Səfərov Avropa Cüdo İttifaqının (EJU) himayəsi ilə Monteneqronun Budva şəhərində keçirilən uşaq cüdo düşərgəsində iştirak edib.
İdman.biz xəbər verir ki, Avropa çempionatının qalibi, dünya çempionatının mükafatçısı, Olimpiya iştirakçısı Orxan Səfərov təlim-məşq toplanışı zamanı fikirlərini bölüşüb, karyerasını başa vurduqdan sonrakı həyatı və təhsil və məşqçilik yolu ilə cüdoya qayıdışı haqqında danışıb.
Səfərov aktiv idmanı tərk etməyin çətin keçdiyini etiraf edib: "Cüdo ilə məşğul olmağı dayandırdıqda həyatınız tamamilə dəyişir. 25 il hər gün oyanıb, məşqlərə gedirsiniz. Amma bir gün oyanırsınız və heç nə yoxdur".
Belə boşluqla üzləşdikdən sonra, o, sevdiyi peşəsinə qayıtmağın yolunu tapıb: cüdonun tədris tərəfini öyrənmək və onu öyrətmək: "İndi yeni məqsədim var - yarışmaqdan əlavə cüdonu başa düşmək və paylaşmaq."
O, EJU uşaq düşərgəsinə böyük həvəslə qatıldığını bildirib: "EJU məni dəvət edəndə çox sevindim. Bu uşaqlar bizim cüdo ailəmizin gələcəyidir. Bəlkə onlardan ikisi-üçü gələcəkdə Olimpiya çempionu olar və bəlkə də bizim burada tanış olduğumuzu xatırlayar".
Dünya çempionatlarının ikiqat mükafatçısı hesab edir ki, gənc cüdoçuların öz qəhrəmanları ilə görüşməsi xüsusilə düşərgə ilə yanaşı keçirilən Avropa çempionatı kimi hadisələr zamanı çox vacibdir: “Uşaqların cüdonun enerjisini, ruhunu canlı görmələri və hiss etmələri möhtəşəmdir. Monteneqro yarışda fantastik atmosfer yaratmışdı, azarkeşlərin dəstəyi inanılmaz idi”.
Uşaqlığını xatırlayan Səfərov vaxtilə yaponiyalı cüdo əfsanəsi Tadahiro Nomura və koreyalı çempion Çxve Min Hoya heyran olduğunu deyib. Azərbaycanda isə onun kumiri üçqat Avropa çempionu, eyni klubda məşq edən Elçin İsmayılov olub.
Səfərov indi Azərbaycanda uşaqlara məşq keçir və onlara cüdonu sevdirməyə çalışır: "Çempion olub-olmayacaqlarının fərqi yoxdur, əsas odur ki, uşaqlar cüdoda xoşbəxtlik tapsınlar. "İdmanda xoşbəxt uşaq sağlam, ağıllı insan olur".
Səfərov öz təhsilini də davam etdirir. O, hazırda Azərbaycan İdman Akademiyasında praktiki cüdo üzrə dərs deyir və idman idarəçiliyi üzrə təhsilini davam etdirməyi və bu ilin sonunda "IJF Academy Level 2" məşqçilik kursunu bitirməyi planlaşdırır: "Cüdo mənə hər şey verib, indi bunun əvəzini qaytarmaq vaxtıdır".
İdman.biz