Bu gün Macarıstanda keçirilən tələbələrin Avropa Universitet Oyunlarında karateçilərin mübarizəsinə start verilib.
İdman.bizin Mişkolts şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, yarışın ilk günündə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) 7 idmançısı tatamiyə çıxıb.
Onlardan 5-i kumitedə, 2-si katada gücünü yoxlayıb. Karateçilərimiz ilk günü medalsız başa vurublar.
Kumite
Kişilər
75 kq
İlk mərhələdən azad olan Nicat Kərimli birinci döyüşünü Ali Güneyə (İstanbul Kent Universiteti, Türkiyə) qarşı keçirib. Karateçimiz rəqibinə 1:4 hesabı ilə uduzub. Güney finala yüksələ bilmədiyindən, Kərimli yarışa erkən vida edib.
84 kq
Vahid Həsənov debütdə Xose Aqostino Markeslə (Koimbra Texniki Universiteti, Portuqaliya) münasibətinə aydınlıq gətirib. Rəqib 6:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.
+84 kq
Osman Osmanlı ilk qarşılaşmasında Kevin Ernstə (Yena Universiteti, Almaniya) qalib gələn Fatih Şenlə (Bursa Uludağ Universiteti, Türkiyə) üz-üzə gəlib. Karateçimiz ilk xal prinsipinə əsasən görüşü qələbə ilə bitirib (4:4). Osmanlı ikinci döyüşünü də aktivinə yazıb. ASAPES-in tələbəsi Anton Pinardini (Edinburq Universiteti, Böyük Britaniya) 5:0 hesabı ilə məğlub edib. O, yarımfinalda Danilo Bojoviçlə (Skopye Müqəddəs Kiril və Methodius Universiteti, Şimali Makedoniya) döyüşüb və 1:5 hesabı ilə uduzub.
Osmanlı bürünc medal döyüşündən də məğlub ayrılıb. Yahim Tinavski (Praqa Texniki Universiteti, Çexiya) 3:0 hesabı ilə qalib gəldiyindən kareteçimiz Oyunları 5-ci yerdə bitirib.
Qadınlar
68 kq
Renata Ərəbli birinci qarşılaşmasında Laura Siemonla (Yena Universiteti, Almaniya) qüvvəsini sınayıb. 7:0 hesabı ilə qələbə qazanan təmsilçimiz mərhələ adlayıb. O, ikinci döyüşündə Anjela Moysovska (Skopye Müqəddəs Kiril və Methodius Universiteti, Şimali Makedoniya) ilə görüşüb və 1:9 hesablı məğlubiyyətə üzülüb.
+68 kq
Fatimə Bədəlova ilk görüşündə Teodosia Qiamoukini (Kipr Universiteti) sınağa çəkib. Karateçimiz 0:4 hesabı ilə məğlub olub. Kiprli idmançı finalı yüksəldiyi üçün Bədəlova təsəlliverici görüşə qatılacaq. O, Fatma Uyğurla (İstanbul Aydın Universiteti, Türkiyə) gücünü yoxlayıb. Karateçimiz ikinci qarşılaşmasında da uduzduğu (1:8) üçün yarışı 9-cu pillədə başa vurub.
Kata
Kişilər
Rövşən Əliyev startda Fabian Strauba (Ştutqart Universiteti, Almaniya) rəqib olub. Karateçimiz 0,3 xal fərqi ilə məğlub olub – 22,3:22:6. Almaniyalı finala yüksələ bilmədiyi üçün Əliyev yarışla vidalaşıb.
Qadınlar
Zəhra Qurbanzadənin ilk rəqibi Kata Bokori (Eötvöş Lorand Universiteti, Macarıstan) olub. ASAPES-in tələbəsi rəqibini üstələyərək, mərhələ adlayıb - 23,3:21,3. Lakin o, ikinci görüşündə Nataşa Fernandesə (Lissabon Universiteti, Portuqaliya) uduzub - 24,1:22,5. Rəqib finala yüksəldiyi üçün Qurbanzadənin bürünc yolu açılıb. O, təsəlliverici görüşdə Mixaela Çukanova (Slovakiya Texnologiya Universiteti) ilə qarşılaşıb və rəqib qələbə qazanıb - 23,2:22,5
Qeyd edək ki, ASAPES yarışda 12 karateçi ilə təmsil olunur.
İdman.biz