Millimizin baş məşqçisi: “Onlar yaxşı performans göstərdilər”

Müsahibə
18 İyul 2024 09:10
594
Millimizin baş məşqçisi: “Onlar yaxşı performans göstərdilər”

“Karateçilərimiz şəxsi görüşlərdə bir az zəif çıxış etsələr də, komanda yarışında yaxşı performans göstərdilər”.

Bunu İdman.bizin Mişkolts şəhərinə ezam olunmuş əməkdaşına qadın karateçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Şahin Xudaverdiyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan İdman Akademiyasının Macarıstanda tələbələrin Avropa Universitet Oyunlarındakı çıxışını dəyərləndirib. O bildirib ki, rəhbərlik etdiyi komandanın karateçilərində ilk gündə adaptasiya ilə bağlı bir qədər çətinlik yaşansa da, tezliklə hər şey yoluna düşüb: “Özümüzdə də havaya görə yorğunluq vardı, orqanizm hardasa buna uyğunlaşa bilmirdi. Yarışın ikinci günü isə karateçilərimiz daha yaxşı çıxış etməyə başladılar. Kişilərdən ibarət komandamız finala yüksəldi, qadınlar bürünc medal qazandı. Həmçinin fərdi yarışda 1 tələbəmiz həlledici görüşə vəsiqə qazandı”.

O, qadınlar arasında komanda yarışında Azərbaycan İdman Akademiyasının 1/4 finalda Pristina Universitetinə (Kosovo) məğlubiyyətinin səbəbini də açıqlayıb: “Hər şeyi düzgün qurmuşduq. Kiçik texniki səhvdən finala kimi irəliləyə bilmədik. Həm də boy fərqi öz sözünü dedi. Kosovolular çox hündür - təxminən 175-180 santimetr idilər. Bizim karateçilər isə 160-165 santimetr boya malikdirlər. Buna baxmayaraq, komandamız döyüşdü. Rəqib təmiz qələbə ilə deyil, xal hesabı ilə qalib gəldi. Hər halda, vətənə medalla qayıdacağıq. Üçüncü yer uğrunda yerli Macarıstan İdman Elmləri Universitetinə qalib gəldik”.

Xudaverdiyev nəticənin onu qane etdiyini də deyib: “İstər qadınlar, istərsə də kişilərdən ibarət komandalarımızda əksəriyyət gənclərdir, tələbədirlər. Bəziləri belə böyük yarışa birinci dəfə qatılırlar, ilk addımlarını atırlar. Buna baxmayaraq, özlərini doğrultdular. Düzdür, çox medal gözləyirdik. Xüsusilə də kişilərdən. Amma təəssüflər olsun ki, adaptasiya problemi buna imkan vermədi. Bu gün daha iki finalımız olacaq. Ümid edirəm ki, bu döyüşlər uğurla bitəcək və bürünc medalla yanaşı, kolleksiyamıza 2 qızıl mükafat da əlavə edəcəyik”.

Qeyd edək ki, bu gün Fərid Savadov (60 kq) kumitedə çempionluq görüşündə Andras Laslo (Korvinus Universiteti, Macarıstan) ilə, kişilərdən ibarət komandamız isə İstanbul Aydın Universiteti ilə üz-üzə gələcək.

İdman.biz

Məqalədə: