Asiman Qurbanlı: “Hədiyyə deyiləm”

Xəbərlər
23 Oktyabr 2024 17:52
201
Asiman Qurbanlı: “Hədiyyə deyiləm”

“Uzun müddət yarışlara qatıla bilmirdim”.

Bunu İdman.bizə Azərbaycan millisinin karateçisi Asiman Qurbanlı ( 84+ kq) deyib.

O, Minskdə keçirilən "Belarus Open-2024" beynəlxalq turnirində qazandığı qızıl medalla bağlı təəssüratlarını bölüşüb. Qurbanlı bildirib ki, dizindən aldığı zədəyə görə ilin əvvəlində Avropa çempionatına da qatıla bilməyib: “Zədəmə görə yavaş-yavaş da olsa məşqlər edirdim. Bir sıra problemlər var idi ki, öhdəsindən gəlməyə çalışırdım. Bu, mənim uzun zamandan sonra ilk yarışım idi. Finalda Avropa ikincisi və dünya çempionatının bürünc medal mükafatçısı ilə qarşılaşdım. Güclü rəqib idi. Uzun zamandan sonra döyüşdüyüm üçün görüşlərim ağır keçirdi. Buna baxmayaraq, bacardım. Getdiyim hər bir yarışda qələbə üçün vuruşuram. İnanırdım ki, bunun öhdəsindən gələcəm. Çünki mən də hər hansısa idmançı üçün hədiyyə deyiləm. Qələbə ilə Vətənə qayıtdım. Bu, gələcək planlarım üçün bir başlanğıc idi”.

O, gələcək planlarını da açıqlayıb: “Moskvada keçiriləcək turnirə hazırlaşacam. Ardınca ilin sonunda ölkə çempionatında iştirakım nəzərdə tutulub. Ən əsası da gələn il keçiriləcək liqa yarışları olacaq. Çünki, bu yarışlar dünya çempionatına lisenziya verəcək”.

Banuçiçək Hüseynli
İdman.biz