Gələn il avqustun 7-17-də Çenqduda (Çin) keçiriləcək Dünya Oyunlarının Təşkilat Komitəsi İrina Zaretskanın iştirakını təsdiqləyib.
İdman.biz xəbər verir ki, qurumun saytında artıq müxtəlif idman növləri üzrə vəsiqə qazanan idmançıların siyahısı dərc olunub.
Azərbaycan millisinin karateçisinin də adı bura daxil edilib. Dünya Oyunları üçün ilk vəsiqələr karateçilərə ötən il Budapeştdə keçirilən dünya çempionatındakı nəticələrə görə verilib. Zaretska (68 kq) orada ardıcıl üçüncü dəfə çempion titulunu qazanıb. Onun finaldakı rəqibi Elena Quiriçi (İsveçrə) və dünya çempionatının bürünc mükafatçısı Seyko Zefaniya (İndoneziya) Çenqduda çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycan Dünya Oyunlarında gimnastikanın üç növündə - tamblinq (Mixail Malkin), akrobatika (Ağasif Rəhimov - Raziyə Seyidli qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, həmçinin Riad Səfərov, Rəsul Seyidli, Abdulla Əl-Meşaihi və Seymur Cəfərovdan ibarət kişi qrupu) və aerobikada (Vladimir Dolmatov - Mədinə Mustafayeva qarışıq cütü) təmsil olunacaq.
İdman.biz