Dünya Karate Federasiyası (WKF) gələn il üçün yarışların təqvimini açıqlayıb.
İdman.biz xəbər verir ki, həm K1 reytinq turnirləri, həm də dünya çempionatı mövsümün tədbirlərlə zəngin olacağını vəd edir.
Ən çox gözlənilən hadisə Azərbaycan millisinin lideri İrina Zaretskanın analıq məzuniyyətindən sonra tatamiyə qayıtması olacaq.
Mövsümün kulminasiya nöqtəsi ilin sonuna yaxın - noyabrın 27-30-da Qahirədə keçiriləcək dünya çempionatı olacaq.
İlin ilk yarışı yanvarın 10-da Gürcüstanın paytaxtı Tbilisidə A seriyası ilə start götürəcək. Təqvimdə 27 yarış nəzərdə tutulub.
Əsas hadisə karatedə ən prestijli seriya - Premyer Liqa olacaq. Bu il yarış Paris (Fransa), Hançjou (Çin), Qahirə (Misir) və Rabatda (Mərakeş) baş tutacaq. İyunun 1-də isə Mərakeşin paytaxtında mövsümün qalibləri mükafatlandırılacaqlar.
A seriyasına Tbilisi ilə yanaşı, Larnaka (Kipr), Zalsburq (Avstriya) və Kuala Lumpur (Malayziya) ev sahibliyi edəcək.
Gənclər liqası 5 mərhələdən ibarət olacaq: Fucayra (BƏƏ), Qvadalaxara (İspaniya), Poreç (Xorvatiya), Monterrey (Meksika) və Venesiya (İtaliya).
Eyni zamanda, dünya çempionatına vəsiqə qazanmaq üçün karateçilər turnirlərdə, o cümlədən Premyer Liqanın mərhələlərində xal toplamalı olacaqlar.
Qitə çempionatları da mundiala seçmə statusu daşıyacaq ki, bu da onların əhəmiyyətini daha da artıracaq.
Karate, həmçinin avqustda Çenqduda (Çin) keçiriləcək Dünya Oyunlarının proqramında yer alacaq.
İdman.biz