Sabah Qahirədə start götürəcək karate üzrə Premyer Liqa mərhələsi, ilk növbədə, İrina Zaretskanın (68 kq) böyük idmana qayıdışı ilə əlamətdar olacaq. Əslində üçqat dünya çempionu heç yerə getməmişdi, sadəcə övladının doğulması ilə əlaqədar fasilə vermişdi. İndi o, öz ustalığını bir daha sübut etmək üçün qayıdır.
İdman.biz xəbər verir ki, onun son yarışı 2023-cü ilin oktyabrında Budapeştdə qalib gəldiyi dünya çempionatı olub.
Həmin uğur ona fenomenal rekorda imza atmağa kömək edib. Belə ki, Azərbaycan millisinin karateçisi ardıcıl üç mundialda məğlubiyyət acısı yaşamayıb. Macarıstanda da o, finalda isveçrəli Yelena Quiriçini məğlub edərək, bacarığını bir daha təsdiqləyib.
Zaretska nəticə baxımından ən sabit karateçilərdən biridir. Təsadüfi deyil ki, yarışlara çıxmadığı müddətdə reytinqdə heç kim onu ötüb keçə bilməyib. O, hələ də bir nömrədir və istənilən turnirdə qələbəyə əsas namizəddir.
İdmana qayıdan karateçi zəngin təcrübəyə malikdir. Məsələn, 2023-cü ildə dünya çempionatındakı qələbədən əvvəl o, altı dəfə fəxri kürsüyə qalxıb. Qahirədə Premyer Liqa mərhələsində bürünc medal qazandıqdan sonra Zaretska Qvadalaxarada keçirilən Avropa çempionatında ikinci olub, daha sonra Rabatda növbəti Premyer Liqa turnirində qələbəyə sevinib. Sonra Krakovda keçirilən Avropa Oyunları da onun qələbəsi ilə nəticələnib. Üstəlik, o, hər üç Avropa Oyunlarında medal qazanan ilk idmançı olub ki, onlardan da ikisi qızıldır. Karateçi daha sonra Fukuokada Premyer Liqa mərhələsində bürünc mükafata sahib çıxıb, daha sonra Dublində uğurlu çıxış edərək bütün seriyaya qalibiyyətlə nöqtə qoyub.
Bütün karate dünyası onun qayıdışını səbirsizliklə gözləyir və analıq məzuniyyəti zamanı da idmançı karyerasını bitirmək fikrində olmadığını bildirərək pərəstişkarlarını arxayın etmişdi. Daha sonra o, hətta Dünya Karate Federasiyasına (WKF) maraqlı müraciət ünvanlamışdı. O, yarış arenalarında uşaqlar üçün otaqların olub-olmaması ilə maraqlanmışdı: "Ciddi deyirəm, yeni mövsümə hazırlaşmağa başlamışam. Amma Dünya Karate Federasiyasına sualım var. Arenalarda uşaqlar üçün otaqlar olacaq?"
Turnir hədəflərindən danışsaq, Zaretska bu il avqustun 7-17-də Çenqduda keçiriləcək Dünya Oyunlarında da çıxış edəcək. Mövsümün əsas yarışı isə noyabrın 27-30-da Qahirədə təşkil ediləcək dünya çempionatı olacaq. Buna görə də Misirin paytaxtına hazırkı səfər həm də mundial ərəfəsində yoxlama-baxış xarakteri daşıyacaq.
Zəki Feyzullayev
İdman.biz