Bəhram Rəcəbzadənin “Glory”də növbəti DÖYÜŞÜ – EKSKLÜZİV

Xəbərlər
5 İyul 2024 20:21
1 406
Bəhram Rəcəbzadənin “Glory”də növbəti DÖYÜŞÜ – EKSKLÜZİV

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin “Glory”də növbəti rəqibi və döyüşünün vaxtı bilinib.

Bu barədə 32 yaşlı idmançı “İdman Bizdə”nin qonağı olarkən məlumat verib.

O bildirib ki, avqustun 31-də 95 kq-da reytinqin 4-cüsü olan rumıniyalı Stefan Latesku ilə üz-üzə gələcək. Döyüş Belçikada keçiriləcək.

Bəhramın sözlərinə görə, onun istəyi başqa kikboksçularla qarşılaşmaq olub: “Bu təklif əvvəlcə mənə gəldi. Qəbul edəcəyim təqdirdə Latesku da razılıq verməliydi. Çünki reytinqdə ondan yuxarıdayam. Amma bundan qabaq dedim ki, ya 95 kq-da kəmərin sahibi Tarık Kbabez ya da ağır çəkidə “Glory”də kikboksun kralı adlandırılan Riko Verhoevenlə qarşılaşmaq istəyirəm. 95 kq-da kəmərin sahibinin ayağı zədəli olduğu üçün istəyimi qəbul etmədi. Riko isə bir səbəb demədi. Bu səbəbdən də Lateku ilə döyüşə razılıq verdim”.

Qeyd edək ki, Rəcəbzadə peşəkar rinqdə 72 döyüş keçirib. O, bunların 69-da qələbə qazanıb, 3-də isə məğlub olub. Stefan Latesku isə 20 görüşdən 17-dən üstün ayrılıb, 3-də məyus olub.

Emin Ağa
İdman.biz