Yanvarın 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edən şəxslərin sifarişçisi olduğu deyilən kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov sərbəst buraxılıb.
İdman.biz xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Zeynalov özü deyib.
"Mənə hücum edən şəxslərin sifarişçisi Ramal Aslanov sərbəst buraxılıb. Belə bir şəxsin azadlığa buraxılması doğru deyil. Mən həmin şəxsin cəzalandırılmasını tələb edəcəyəm. Bu işlə şəxsi vəkilim məşğul olacaq. Federasiya rəhbərliyini və Ramal Aslanovu məhkəməyə verəcəyəm. Belələrinin azadlıqda rahat gəzməsi qəbul edilməzdir. Lazım gələrsə, həmin şəxsin himayədarlarının da adlarını açıqlayacağam", - deyə Zeynalov bildirib.
Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədova 3 ay müddətinə həbs verilib.
Ramal Aslanov isə ötən gün Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti vəzifəsindən azad edilib.
İdman.biz