Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmovun İdman.biz-ə müsahibəsi
- Yenidən “Rizin”də döyüşəcəksiniz. Təklif kim tərəfindən gəldi?
- Sonuncu görüşümdə Kazumasa Majimaya (Yaponiya) qalib gəldim. Bundan sonra 71 kiloqram çəki dərəcəsinin kəmər görüşü üçün Roberto Satoşiyə rəqib axtarırdılar. Təklif etdim ki, mən vuruşa bilərəm. Rəqib tapa bilmədilər və dedilər ki, məhz səninlə döyüşsün.
- Rəqibi tanıyırsız?
- Çox yaxşı idmançıdır. Eyni zamanda, güclü rəqibdir. Yaxşı bir görüş olacaq. Qələbə qazanmaq üçün əlimdən gələni edib, vuruşacam. Görək sonda necə olacaq.
- Artıq görüş üçün hazırlıqlara başlamısız?
- Məşqləri dayandırmamışdım. Bilirdim ki, döyüş olacaq. Ona görə hazırlığım yüksək səviyyədədir. Hazırda Dağıstanda təlim-məşq toplanışındayam. Dekabrın 7-də Azərbaycana qayıdıb, çəkimi bir az salacam. Artıq dekabrın 26-da Yaponiyaya yola düşəcəm. Bu mənim üçün 71 çəkidə sadəcə yoxlanışdır. Həm də kəmər döyüşüdür.
- Roberto Satoşi 2021-ci ildə Tofiq Musayevi məğlub edib. Bu səbəbdən qisas barədə düşünürsən?
- Bu mənə fərq etmir. Rəqibim kimə qalib gəlib və ya uduzubsa da, mən özümü heç kimdən zəif saymıram. Nəyə qadir olduğumu bilirəm. Ona görə də bu kimi məsələlər məni nəyləsə bağlı düşündürmür.
- Görüşünüz dekabrın 31-nə - Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə təsadüf edəcək. Həmin günün çıxışınıza hansı təsiri ola bilər?
- Mənim üçün çox böyük bir bayram olacaq. Təbii ki, həmin görüş həyatımda mühim əhəmiyyət kəsb edəcək. Ona görə də belə bir gündə döyüşmək məsuliyyət tələb edir. Çox istərdim ki, Dünya Azərbaycanlıların Həmrəyliyi Günü qalib gələrək xalqımızı sevindirim.
Banuçiçək Hüseynli
İdman.biz