Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
İdman.biz xəbər verir ki, tanınmış rusiyalı döyüşçü sosial şəbəkə hesabında paylaşım edib.
Nurməhəmmədov baş vermiş hadisədən üzüldüyünü bildirib: “Qardaş regionlara başsağlığı diləyirəm. Bakı-Qroznı təyyarə qəzasında vəfat edənlərin ailələrinə Allahdan səbr, zərər çəkənlərə tezliklə şəfa diləyirəm”.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
İdman.biz