Zümrüd Quliyeva: “Düşünürdülər ki, qızlar qabağa gedə bilmir, onları yanıltdım”

Xəbərlər
21 Yanvar 2025 17:28
139
Zümrüd Quliyeva: “Düşünürdülər ki, qızlar qabağa gedə bilmir, onları yanıltdım”

“Bu döyüşə çox ciddi hazırlaşmışdım”.

Bunu İdman.biz-ə Azərbaycanın MMA döyüşçüsü Zümrüd Quliyeva deyib.

O, Qazaxıstanda keçirilən turnirdə qazandığı qələbəsini şərh edib. “Octagon-69” çərçivəsində qüvvəsini sınayan idmançı bildirib ki, döyüş sürprizlərlə dolu olub: “Müəllimlərimin dəstəyi ilə səhər-axşam məşq edirdim. İstər fiziki, istərsə də psixoloji olaraq bu döyüşə yaxşı hazırlaşmışdım. Əsasən də rəqibin boşluqları üzərində diqqətlə işləmişdik. Çünki əvvəlcədən onun döyüşlərini detallı şəkildə analiz etmişdik. Bu, mənə çox kömək oldu. Döyüşün əvvəlində rəqibi üstələdim, bir qədər sonra isə o məni üstələdi. Düzü, bu gedişat əvvəlcədən düşünülməmişdi. Ancaq vəziyyət dəyişəndə özümü itirmədim, ayağa qalxıb sona kimi mübarizə apardım və birinci raund bitməmiş qalib gəldim. Sonuncu fənd isə düşünülmüş texnika idi. Bilirdim ki, rəqib ayağıma girəcək və mən onu boğucu fəndlə məğlub edəcəm. Biz buna bir ay öncədən hazırlaşmışdıq”.

Döyüşçü növbəti yarışlarda bu uğurun ardını gətirəcəyinə inanır: “Bundan əvvəl Azərbaycan çempionu olmuşam. MMA-da başqa nailiyyətlərim də var. Ancaq bu mənim xaricdə ilk döyüşüm idi. Rəqibin 11 yaş böyük olmasına baxmayaraq, onu boğucu fəndlə məğlub etdim. Növbəti döyüşlərdə də çalışacacam ki, qələbə qazanım. Bəlkə də kimlərsə buna inanmır. Bu döyüşdən öncə də çoxları düşünürdü ki, bu idman növündə qızlar oğlanlar kimi qabağa gedə bilmir. Mən onları yanıltdım və yanıltmağa da davam edəcəm”.

Qeyd edək ki, ASED təşkilatını və “Simral” klubunu təmsil edəni Quliyeva Qazaxıstanda keçirilən turnirdə yerli idmançı Rusalina Mulikova ilə qarşılaşıb. 52,2 kq çəkidə baş tutan görüş artıq ilk raundda başa çatıb. Zümrüd rəqibini boğucu fəndlə məğlub edib.

Aytac Sahəd
İdman.biz

Məqalədə: