Ağır çəki dərəcəsində amerikalı Körtis Bleydes və rusiyalı Rizvan Kuniyev arasında döyüş iyunun 21-də Azərbaycanda keçiriləcək UFC turnirində reallaşacaq.
İdman.biz xəbər verir ki, amerikalı döyüşçü bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Ülgüc” ləqəbli idmançı belə yazıb: “Mən iyunun 21-də Azərbaycanda döyüşəcəyəm”.
Bu, artıq bir neçə dəfə təxirə salınan döyüşün dördüncü tarixidir. Döyüş əvvəlcə fevralın 22-nə planlaşdırılıb, sonra martın 8-nə keçirilib, lakin amerikalının xəstəliyi səbəbindən son anda ləğv edilib.
Bundan sonra ağır çəkili döyüşçülərin mayın 17-də Qətərdə qarşılaşacağı bildirilsə də, nəticədə turnir Las-Veqasa dəyişdirilib.
Qeyd edək ki, dünyanın ən güclü liqasında debüt Azərbaycan turniri hələ rəsmən açıqlanmayıb və Körtis Bleydes, faktiki olaraq, bu tədbirin gerçəkləşəcəyini təsdiqləyən ilk şəxs olub.
İdman.biz