Yüngül çəkili azərbaycanlı döyüşçü Nazim Sadıxov iyunun 21-də Bakıda keçiriləcək UFC turnirində oktaqona qayıdacaq.
İdman.biz xəbər verir ki, "Qara qurd"un rəqibi braziliyalı Nikolas Motta olacaq.
Bu qarşılaşma dünyanın ən güclü döyüş liqasının nümayəndələri tərəfindən rəsmən elan edilib.
30 yaşlı Nazim Sadıxov artıq dörd döyüş keçirdiyi təşkilatda məğlub olmayıb. O, Evan Elder, Terrens Makkinni, İsmael Bonfimə vaxtından əvvəl qalib gəlib, rusiyalı Vyaçeslav Borşovla isə heç-heçə edib.
32 yaşlı Nikolas Motta ardıcıl iki döyüşdə qalib gəlib: Tom Nolanı texniki nokautlaməğlub edib və Maheşate Xaisaer ilə döyüşdə hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.
UFC-nin Azərbaycandakı debüt tədbirinin əsas hadisəsi amerikalı yarımağır döyüşçülər Camal Hill və Xalil Rountree arasında döyüş olacaq.
İdman.biz