Azərbaycanlı MMA döyüşçüsü Xəyal Canıyevin İdman.biz saytına müsahibəsi
- Noyabrın 24-də tayboksda iranlı Modjtaba Taravati döyüşəcəksən. Müəyyən müddətdən sonra yenidən bu idman növünə qayıtmağının səbəbi nədir?
- Bildirmişdim ki, perspektiv çox olarsa MMA-da döyüşəcəm. Daha çox buna üstünlük verirəm. Amma muaytaydan yaxşı təklif gəldiyi üçün qəbul etdim. Çempionluq kəməri üçün Çelyabinskdə turnirdə mübarizə aparacam. Qonorarı da çox yaxşıdır.
- Bəs bu döyüşdən gözləntilarin nədir?
- Döyüşə hazıram, çox yaxşı təlim-məşq toplanışı keçmişəm. Maraqlı və baxımlı görüş olacaq. Qalib gəlib kəməri qazanmağa və mənə inananları sevindirməyə çalışacam.
- Yenidən muaytayda döyüşmək MMA karyerana necə təsir edəcək?
- Hansısa təsiri olmayacaq. Bu turnirə hazırlaşsam da, qarışıq döyüşlə bağlı məşqlərimi kənara atmamışam. Tayboksdakı qarşılaşmadan sonra yenidən MMA-a qayıdıb, plana uyğun şəkildə davam edəcəyik.
- MMA-da növbəti döyüşün kimə qarşı olacaq?
- Hələlik dəqiq məlumat yoxdur. Dekabrda bir görüş keçirmək istəyirəm. Amma rəqib də tam məlum deyil. Danışıqlar gedir.
- Bakıda keçirilən “Rizin” təşkilatının Landmark 7 turnirini izlədin?
- Bəzi döyüşləri izlədim. Orda çıxış edən dostlarımla danışdım. Hamının təəssüratı yaxşı idi. Bakı yarışa yüksək şəkildə ev sahibliyi edib. Döyüşçülərimizdən bəziləri kədərli, bəziləri sevincli idi. Bu, idmandır. Mütləq udanı da, uduzanı da olur. Əsas olan növbəti döyüşə güclü şəkildə çıxmaqdır.
- “Rizin”dən təklif gəlsə döyüşmək istəyərsən?
- “Rizin” döyüşləri yenidən Bakıda keçirilsə, məmnuniyyətlə çıxış etmək istəyərəm. Amma başqa ölkədə olsa, fikirləşərəm. Çünki iştirak edə biləcəyim başqa liqalar var. Bu isə gələcəyin işidir.
Emin Ağa
İdman.biz