Azərbaycan idmanında belə şey olmayıb: Paris-2024-də İLK - TƏHLİL

Təhlil
1 İyul 2024 13:49
1 319
Azərbaycan idmanında belə şey olmayıb: Paris-2024-də İLK - TƏHLİL

Paris-2024 Yay Olimpiya Oyunları Azərbaycan üçün qeyri-adiliklə əlamətdar olacaq.

İdman.biz xəbər verir ki, Fransa paytaxtındakı multi-idman tədbiri ölkəmiz üçün bir gün tez başlayacaq.

Yarışın açılış mərasimi iyulun 26-da təşkil olunacaq. Amma Azərbaycan üçün olimpiya həyəcanı daha tez start götürəcək.

Yaylagül Ramazanova ayın 25-də mübarizəyə başlayacaq. O, kamandan oxatmada sıralama raundunda qüvvəsini sınayacaq. 64 idmançı 1/32 final cütlərini müəyyənləşdirmək üçün sıra nömrələri üçün yarışacaq.

Bu, Azərbaycan idmançısının açılış mərasimindən bir gün əvvəl Olimpiadaya başladığı ilk yarış olacaq. İndiyədək heç bir təmsilçimiz Oyunlardan bir və ya iki gün əvvəl bu həyəcanı yaşamayıb.

Amma açılış mərasimindən əvvəl yarışa qatılan Azərbaycan idmançısı da olub. Həmin vaxt təmsilçimiz açılış mərasimi ilə eyni gündə, təntənəli tədbirdən az əvvəl mübarizəyə qoşulub.

Səkkiz il əvvəl Rioda da kamandan oxatanımız belə sınağa çıxıb. Onda Olqa Senyuk sıralama raundunda 37-ci yeri tutub. Sonradan xanım idmançımız 1/32 finalda uduzaraq Braziliyaya vida edib.

Məsələyə ümumi yanaşsaq, bəzi idman növlərində yarışlara açılışdan əvvəl start verilməsi artıq ənənəvi hal alıb. Amma Azərbaycan olimpiyaçıları bundan kənar qalıblar. Səbəb də onunla bağlıdır ki, adətən təmsil olunmadığımız komanda növlərinə daha tez start verilir.

Azərbaycan idmançılarının iştirakı ilə keçirilən Olimpiadaların açılış mərasimləri və bundan əvvəlki yarışlara göz gəzdirək.

Azərbaycanın qatıldığı Olimpiadaların açılış mərasimlərinin tarixi:
Atlanta-1996: 19 iyul
Sidney-2000: 15 sentyabr
Afina-2004: 13 avqust
Pekin-2008: 8 avqust
London-2012: 27 iyul
Rio-2016: 5 avqust
Tokio-2020: 23 iyul (2021-ci ilə təxirə salınıb)
Paris-2024: 26 iyul

Atlanta-1996-da ilk yarışlar açılış mərasiminin ertəsi gün baş tutub. Bu, yığmamızın iştirakı ilə keçirilən Olimpiadalarda yeganə belə hadisədir.

Sidney-2000, Afina-2004 və Pekin-2004-də isə yeganə istisna futbol olub. Hər üç Olimpiadada futbolçular açılışdan əvvəlki iki gündə oynasalar da, tədbir günü heç bir yarış baş tutmayıb.

Növbəti iki Olimpiada fərqli startla yadda qalıb. London-2012 və Rio-2016-da yenə də açılışdan əvvəlki iki gündə oynayan futbolçular tədbir günü istirahət ediblər. Amma bu dəfə oxatma yarışlarına açılış günündə start verilib. Məhz həmin vaxtda da təmsilçimiz Olqa Senyuk mübarizəyə qoşulub.

Tokio-2020-nin başlanğıcı bir az da dəyişdirilib. Artıq açılışdan əvvəlki iki gündə təkcə futbol deyil, həm də softbol oyunları təşkil olunub. Təntənəli mərasim günündə isə yalnız kamandan oxatma deyil, avarçəkmədə də mübarizəyə start verilib. Amma Yaponiyada bu növlərdə təmsilçilərimiz olmayıb.

Bu il keçiriləcək yarışın cədvəlində isə fərqli dəyişiklik edilib. Qərara alınıb ki, açılış mərasimi keçiriləcək gündə heç bir yarış təşkil olunmasın. Bu üzdən də kamandan oxatma, həmçinin həndbolda mübarizəyə bir gün əvvəl start veriləcək. Bunun da nəticəsində Yaylagül Olimpiadanı Azərbaycan üçün bir gün tez başlayacaq. Futbol, həmçinin reqbi-7 isə daha tez – iyulun 24-də start götürəcək və açılışa qədər iki oyun günü baş tutacaq.

Qeyd edək ki, kamandan oxatmada qadınların sıralama raundu iyulun 25-də Bakı vaxtı ilə saat 11:30-da başlayacaq və üç saat davam edəcək. Azərbaycan millisi üçün Olimpiadanın start götürəcəyi vaxt Yaylagül də hədəf önünə keçəcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: