İdman, biz və Olimpiada: Olimpiadada məskən salan idmançılarımız – TƏHLİL

Təhlil
5 İyul 2024 12:58
387
İdman, biz və Olimpiada: Olimpiadada məskən salan idmançılarımız – TƏHLİL

İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına 21 gün qalıb.

İdman.biz 3 həftədən sonra cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazıları davam etdirir.

Öncə Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını xatırladıq. Ardınca yığmamızın mükafat kolleksiyasını, iştirakını nəzərdən keçirdik, həmçinin bir neçə medal qazananların siyahısına baxdıq.

Bu dəfə olimpiya lisenziyasını “özəlləşdirən”, dəfələrlə bu həyəcanı yaşayanlarla tanış olaq. Olimpdə məskən salan idmançılarımız isə yetərincədir.

Sidneydə yaşanan ilklər

Bu günə qədər Azərbaycanın 47 idmançısı birdən artıq Olimpiadaya qatılıb. Onlardan 2-si dörd, 11-i üç, 34-ü iki dəfə dördilliyin ən mötəbər multiidman yarışına qatılıb. Yenidən olimpiya həyəcanı yaşayan ilk azərbaycanlılar Sidney-2000-i fəth etməyə gedənlərdir. Atlanta-1996-nın yeddi iştirakçısı dörd il sonra yenidən ölkəmizi təmsil edib. Onlardan dördü sərbəst güləşçilər olub: Namiq Abdullayev, Arif Abdullayev, Elşad Allahverdiyev, Davud Məhəmmədov. Suyatullanan Emin Cəbrayilov, cüdoçu Zülfiyyə Hüseynova və güllə atıcısı İradə Aşumova da “2”yə ən tez çatanlar sırasında yer alıb.

Atlantadan Afinayadək

Üç Olimpiada iştirakçısı olan ilk idmançılarımız buna Afinada çatıb. Atlanta-1996 və Sidney-2000-in iştirakçısı olan təmsilçilərimiz 2004-cü ildə Zevsin vətəninə yollanıb. Güllə atıcısı İradə Aşumova, sərbəst güləşçilər Namiq və Arif Abdullayevlər ilk üç Olimpiadamızın iştirakçısı olublar. Amma sonuncu lisenziya qazandığı Afinada xəstə olduğu üçün xalça üzərinə çıxa bilməyib.

İlklərin memarı

Olimpiadaların dördqat iştirakçısını gözləmək üçün daha uzun müddətə ehtiyac yaranıb. Bu, London-2012-də gerçəkləşib. İradə Aşumova karyerasında 4-cü dəfə Olimpi fəth etməyə gedib. Pekin-2008-i buraxan güllə atıcısı Atlanta, Sidney və Afinadan sonra Londonda da çıxış edib. Həm “2”yə, həm “3”ə çatan ilk idmançılar sırasında olan snayper olimpiya debütündən 16 il sonra yenidən hədəf önünə keçməklə yeni rekord vurub.

Fenomen

Aşumovanın Pekin-2012-də vurduğu rekord 9 ildən sonra təkrarlanıb. Mariya Stadnik üçün Tokio-2020 ardıcıl 4-cü Olimpiada olub. Snayperimizdən fərqli olaraq güləşçimiz bütün cəhdlərində medal qazanıb. Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020-nin iştirakçısı olan Stadnik artıq Parisə də lisenziya qazanıb. O da Aşumova kimi olimpiya debütündən 16 il sonra yenidən multiidman tədbirinə qatılacaq. Amma Stadnik üçün 4-cü deyil, 5-ci Olimpiada olacaq. Güləşçimiz Azərbaycan idman tarixində yeni – fenomenal göstəriciyə imza atacaq. Ardıcıl 5 Olimpiada 17 il yüksək formada olmaq anlamına gəlir ki, döyüş növlərində belə nailiyyət hər kəsin gücünə görə deyil.

Geridönüş

Aşumovanın bir Olimpiadanı buraxdıqdan sonra yenidən multiidman tədbirinə qatıldığını qeyd etmişdik. Amma atıcımız fasilə ilə yarışda iştirak edən yeganə təmsilçimiz deyil. Onun kimi Asif Məlikov da eyni halla üzləşib. Atlanta-1996-nın iştirakçısı olan ağırlıqqaldıran 8 il sonra Afina-2004-də də qüvvəsini sınayıb.

“11-lik” və onlara qoşulanlar

Hərəyə dörd Olimpiadaya qatılan Stadniklə Aşumova hazırda Azərbaycan rekordçularıdır ki, Parisdə güləşçimiz vahid liderliyi ələ keçirəcək. Onları izləyən 11 idmançımız da var ki, hərəsi üç dəfə Olimp üçün mübarizə aparıb. Stend atıcısı Zemfira Meftəhəddinova, cüdoçular Rüstəm Orucov, Mehman Əzizov, ağırllıqaldıranlar Turan Mirzəyev, Nizami Paşayev, yunan-Roma güləşçisi Rövşən Bayramov, sərbəst güləşçilər Xetaq Qazyumov, Şərif Şərifov, Arif Abdullayev, Namiq Abdullayev və taekvondoçu Fəridə Əzizova üç dəfə olimpiya həyəcanı yaşayıb. Onlardan üçü – Fəridə, Rüstəm və Şərif “3”ə cəmi 3 il əvvəl Tokio-2020-də çatıb. Amma karyerasını artıq başa vuran təmsilçilərimiz Parisdə iştirak edə bilməyəcək.
Əvəzində Fransa paytaxtı üç idmançı üçün “het-trikə” çevriləcək. Sərbəst güləşçi Hacı Əliyev, cüdoçu Uşanqi Kokauri və güllə atıcısı Ruslan Lunyov özləri üçün 3-cü Olimpiadaya yollanacaq.

15 növdə

Ən azı iki Olimpiadaya qatılan 47 idmançımızın təmsil etdiyi növlərə nəzər salsaq, güləşçilər hamıdan öndədir. Ümumilikdə 13 pəhləvan bir neçə dəfə multiidman tədbirinə qatılıb. Onlardan 10-u sərbəst, 2-si yunan-Roma, 1-i qadın güləşçisidir. 9 cüdoçumuz, 7 boksçumuz və 5 ağırlıqqaldıranımız da bu həyəcanı bir neçə dəfə yaşayıb. İki və ya daha çox Olimpiada görənlər ümumilikdə 15 növü təmsil edir. Taekvondoda 3, atletika və güllə atıcılığında 2, avarçəkmə, kanoe sprint, qılıncoynatma, stend atıcılığı, suyatullanma və üzgüçülükdə bir idmançımız buna nail olub.

say

idmançı

növ

İl

4

Mariya Stadnik

Qadın güləşi

2008, 2012, 2016, 2020

4

İradə Aşumova

Güllə atıcılığı

1996, 2000, 2004, 2012

3

Namiq Abdullayev

Sərbəst güləş

1996, 2000, 2004

3

Zemfira Meftahəddinova

Stend atıcılığı

2000, 2004, 2008

3

Mehman Əzizov

Cüdo

2000, 2004, 2008

3

Turan Mirzəyev

Ağırlıqqaldırma

2000, 2004, 2008

3

Nizami Paşayev

Ağırlıqqaldırma

2000, 2004, 2008

3

Rövşən Bayramov

Yunan-Roma güləşi

2008, 2012, 2016

3

Xetaq Qazyumov

Sərbəst güləş

2008, 2012, 2016

3

Fəridə Əzizova

Taekvondo

2012, 2016, 2020

3

Rüstəm Orucov

Cüdo

2012, 2016, 2020

3

Şərif Şərifov

Sərbəst güləş

2012, 2016, 2020

3

Arif Abdullayev

Sərbəst güləş

1996, 2000, 2004

2

Asif Məlikov

Ağırlıqqaldırma

1996, 2004

2

Elşad Allahverdiyev

Sərbəst güləş

1996, 2000

2

Emin Cəbrayilov

Suyatullanma

1996, 2000

2

Zülfiyyə Hüseynova

Cüdo

1996, 2000

2

Davud Məhəmmədov

Sərbəst güləş

1996, 2000

2

Vüqar Ələkbərov

Boks

2000, 2004

2

Elçin İsmayılov

Cüdo

2000, 2004

2

Əli İsmayılov

Boks

2000, 2004

2

Rəşad Əhmədov

Taekvondo

2004, 2008

2

Şahin İmranov

Boks

2004, 2008

2

Fərid Mansurov

Yunan-Roma güləşi

2004, 2008

2

Mövlud Mirəliyev

Cüdo

2004, 2008

2

Əfqan Bayramov

Ağırlıqqaldırma

2008, 2012

2

Sərdar Həsənov

Ağırlıqqaldırma

2008, 2012

2

Oksana Hətəmxanova

Üzgüçülük

2008, 2012

2

Elnur Məmmədli

Cüdo

2008, 2012

2

Elxan Məmmədov

Cüdo

2008, 2012

2

Aleksandr Aleksandrov

Avarçəkmə

2012, 2016

2

Valentin Demyanenko

Kanoe sprint

2012, 2016

2

Toğrul Əsgərov

Sərbəst güləş

2012, 2016

2

Cəbrayıl Həsənov

Sərbəst güləş

2012, 2016

2

Hayle İbrahimov

Atletika

2012, 2016

2

Camaləddin Maqomedov

Sərbəst güləş

2012, 2016

2

Məhəmmədrəsul Məcidov

Boks

2012, 2016

2

Elvin Məmişzadə

Boks

2012, 2016

2

Teymur Məmmədov

Boks

2012, 2016

2

Səbinə Mikina

Qılıncoynatma

2012, 2016

2

Nazim Babayev

Atletika

2016, 2020

2

Milad Beigi Harçeqani

Taekvondo

2016, 2020

2

Cavid Çələbiyev

Boks

2016, 2020

2

Hacı Əliyev

Sərbəst güləş

2016, 2020

2

Uşanqi Kokauri

Cüdo

2016, 2020

2

Ruslan Lunyov

Güllə atıcılığı

2016, 2020

2

Məmmədəli Mehdiyev

Cüdo

2016, 2020

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: