Qubada “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, federasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Mərasimdə Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “Quba-2024 - İdman Paytaxtı”nın Fuji adlı maskotu ictimaiyyətə təqdim olunub. Maskot rayonun rəmzi olan alma simvolunu özündə əks etdirib.
Mərasimi giriş sözü ilə açan İlqar Mahmudov hər kəsi salamlayaraq, tarixdə ilk dəfə olaraq Qubanın “İdman paytaxtı” seçildiyini vurğulayıb: “Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk zamanlardan etibarən hər bir sahədə olduğu kimi, idman sahəsində də mühim tədbirlər görülüb, ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Dövlət başçısı, cənab Prezident İlham Əliyevdə Ümummilli Liderin siyasətini davam etdirərək Azərbaycanda bir çox idman qurğularının yenidən inşası, regionlarımızda idmanın inkişafı istiqamətində böyük işlər görüb. Bütün bunların nəticəsində ünyada idman ölkəsi kimi tanınırıq. Ötən il Xankəndində təşkil olunan futbol matçı bizə qürurhissi verdi. Qubada da bir çox gəncimiz müxtəlif idman növlərində çıxış edir. Düşünürəm ki, hər kəsə sübut edəcəyik ki, idmanın ürəyi Qubada döyünür”.
Gənclər və idman naziri Fərid Qayıbov qonaqpərvərliyə görə hər kəsə təşəkkürlərini bildirib: “İdman ölkəmizdə siyasətdir. Bu siyasəti ölkə başçısı həyata keçirir. Son illərdə Azərbaycanda idman naliyyətləri yüksələn xəttlə inkişaf edir. Olimpiya idman kompleklərimizin sayı çoxdur. Bunlardan biri də Qubadadır. İl boyu burada müxtəlif idman növündə təlim-məşq toplanışları və yarışlar keçiriləcək”.
Qayıbov “İdman Paytaxtı”nın rəmzi açarını Quba rayonunun icra başçısı İlqar Mahmudova təqdim edib.
Daha sonra “İdman paytaxtı” üçün hazırlanmış xüsusi köynək və gödəkçələr nazir və icra başçısına da verilib.
Rəsmi çıxışlardan sonra tədbir bəddi hissə ilə davam edib.
Banuçiçək Hüseynli, Quba
İdman.biz