Fərid Qayıbov: “İdmanımızı daha da yüksək səviyyəyə çatdıracağıq”

Müsahibə
15 Yanvar 2024 14:05
448
Fərid Qayıbov: “İdmanımızı daha da yüksək səviyyəyə çatdıracağıq”

“Quba 2024-cü ildə “İdman paytaxtı” olacaq. İl ərzində burada müxtəlif yarışlar, təlim-məşq toplanışları, təlimlər keçiriləcək”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Qubada “İdman Paytaxtı”nın açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Nazir bütün federasiyaların burada iştirak etməsini yüksək qiymətləndirib. O bildirib ki, Qubada onlarla görüş də keçiriləcək: “Bədii gimnastika üzrə milli komandamız hazırda burada təlim-məşq toplanışında iştirak edir. Təqvim planında il ərzində federasiyalar Qubada yarışlar təşkil edəcək. Həmçinin beynəlxalq yarışların da burada keçirilməsi nəzərdə tutulub. İdmanımız ildən-ilə inkişaf edir. Təbii ki, bunun üçün də dövlət tərəfindən şərait yaradılıb. Qubada 2003-cü ildə cənab Prezident İlham Əliyev tərəfindən Olimpiya İdman Kompleksinin açılışı olub. Pandemiyadan sonrada müasir standartlara uyğun olaraq bu qurğu yenidən qurularaq, istifadəyə verilib. Ölkədə 4 yerdə 50 metrlik hovuz var ki, onlardan da biri Qubadadır. İlin yekunlarına görə ən aktiv kompleks seçilib”.

Qayıbov digər idman komplekləri üçün də belə işlərin nəzərdə tutulduğunu qeyd edib: “Bir çox olimpiya komplekləri artıq təmir olunub. Ölkə üzrə Olimpiya komplekslərinin sayı 50-dən çoxdur. İnanıram ki, bu idman qurğularının vasitəsi ilə biz idmanımızı daha da yüksək səviyyəyə çatdıracağıq”.

Banuçiçək Hüseynli, Quba

İdman.biz