Atanur Cəfərli yenidən "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin sədri seçilib - FOTO

Xəbərlər
3 İyun 2024 12:42
291
Atanur Cəfərli yenidən "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin sədri seçilib - FOTO

"İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Sabunçu Gənclər evində baş tutub.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, idman federasiyalarının rəsmiləri, könüllülər və media nümayəndələri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov idman könüllülərini təbrik edərək bildirib ki, iki il ərzində böyük işlər görülüb: “Biz bu təşkilatı daim dəstəkləməyə çalışmışıq. Xüsusi fərqlənirlər. Bu təşkilatda həm könüllülər, həm də azarkeşlər çalışırlar. Ölkəmizdə idman inkişaf edir və dövlət dəstəyi var. Müxtəlif beynəlxalq tədbirlərə və irimiqyaslı tədbirlərə ev sahibliyi edirik. Federasiyalarımız bu tədbirlərə yüksək şəkildə hazırlaşır. Könüllülərimizin də bu tədbirlərdə əməyi böyükdür”.

Nazir idmançılarımıza daim azarkeş dəstəyi lazım olduğunu vurğulayıb: “Bəzən bəzi idman növlərində təəssüf ki, azarkeşlər istədiyimiz kimi gəlmir. Gəlsələr də, tamlıqla iştirak edə bilmirlər. Azarkeş dəstəyinə ehtiyacımız var. Çox vacib faktor odur ki, idmançılarımız xaricə gedəndə də onlara dəstək lazım olur. Bizim səfirlərimiz və diasporumuz orada yaşayan həmvətənlilərimizi yarışa dəvət edirlər. Xaricdə multiidman yarışlarımız olanda gedib orada iştirak ediblər. İslam Həmrəyliyi Oyunları zamanı ən yaxşı və fəal bizim azarkeşlər idi. Orada bu dəstək hər zaman hiss olunurdu. Bərabər çalışmalıyıq. Bu iki il ərzində sizin kifayət qədər işləriniz olub və bundan razıyıq. Dövlət tərəfindən bütün gənclər təşkilatına dəstək olunur”.

"İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin rəhbəri Atanur Cəfərli verdiyi hesabatda bildirib ki, iki il ərzində 60-yaxın idman tədbirlərində fəal şəkildə iştirak ediblər: “İşğaldan azad olunmuş ərazilərimizdə könüllü fəaliyyət ilk bizim təşkilat tərəfindən aparılıb. Xankəndində hamılıqla iştirak edərək öz dəstəyimizi göstərmişik. Üzvlərimiz sosial baxımdan da bir sıra layihələrdə iştirak edirlər. Bundan əlavə, könüllülərimizin sayının artırılması üçün universitetlərdə də bir sıra layihələr aparılır”.

Rəsmi çıxışlardan sonra "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin üzvləri iki illik fəaliyyətləri üzrə müxtəlif idman federasiyalarının üzvlərinə təşəkkürnamələr təqdim ediliblər.

Daha sonra İctimai Birliyinə seçkilər keçirilib. Atanur Cəfərli "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin növbəti iki il üçün yenidən sədri seçilib.

Banuçiçək Hüseynli
İdman.biz