Fərid Qayıbov: “Düzgün strategiya öz bəhrəsini verməkdədir”

Xəbərlər
6 İyun 2024 10:04
303
Fərid Qayıbov: “Düzgün strategiya öz bəhrəsini verməkdədir”

“İlin əvvəlindən uğurla start götürmuş idman qələbələrimiz günbəgün artmaqdadır”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov may ayını dəyərləndirərkən deyib.

O, “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, son illərin ən böyük uğurlarından birinin – 11 ildən sonra cüdoçularımızın dünya zirvəsinə yüksəlməsi olub: “Həm də eyni yarışda iki idmançımızın – Hidayət Heydərov və Zelim Kotsoyevin qızıl medal qazanması idmanımızda yeni tarix oldu. Bu tarixi uğur münasibətilə Azərbaycan Cüdo Federasiyasını təbrik edirəm. Sərbəst güləş və yunan-Roma güləşi üzrə yığma komandalarımızın U-23 Avropa çempionatında bütün ölkələri geridə qoyaraq komanda hesabında qitə çempionu olmaları əsas milli komandaya layiqli əvəzedicilər yetişdiyinin bariz nümunəsidir. Paraatletika üzrə milli komandamızın üzvləri Səid Nəcəfzadə və Orxan Aslanovun dünya çempionu olmaları, eləcə də Lamiyə Vəliyevanın dördüncü dəfə dünya çempionluğuna yüksəlməsi bizi sevindirdi”.

Qayıbov dördilliyin ən mötəbər yarışı – Paris Olimpiadasına iki aydan da az vaxt qaldığını xatırladıb: “İdmançılarımızın lisenziya mübarizəsi finişə yaxınlaşdıqca, Olimpiya komandamızın tərkibi də böyüyür. Bu ay boksçularımız da bizi sevindirdilər. Malik Həsənov və Alfonso Dominqes lisenziya qazanaraq boksda qazanılan lisenziyaların sayını 5-ə çatdırdılar. Qeyd edim ki, Azərbaycan boks idman növü üzrə Avropada ən çox lisenziya qazanan iki ölkədən biridir. Dünyada isə komandamız 4-cü ən çox lisenziya qazanan ölkə adına şərikdir. Azərbaycan Boks Federasiyasını bu uğurlu fəaliyyəti münasibətilə təbrik edirəm. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız da Avropa çempionatında uğurla çıxış edərək növbəti dəfə ölkəmizi Olimpiadada təmsil etmək hüququ qazandılar. Gimnastika komandamız Pekin və Tokiodan sonra Parisə də Olimpiyaçı statusu ilə yollanacaq. Güləşçilərimizdən Murad Məmmədov, Rafiq Hüseynov, Sabah Şəriəti və Mariya Stadnik də Olimpiyaçılar sırasına qoşuldular. Badmintonçularımızdan Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra, triatlonçumuz Rostislav Pevtsov və qılıncoynadanımız Anna Başta da lisenziyaçılar sırasına qoşuldular. Daha bir yenilik: tarixdə ilk dəfə ölkəmiz Olimpiya oyunlarında qadın badmintonçu ilə də təmsil olunacaq”.

Nazir mayda ölkəmizin bir sıra beynəlxalq yarışların da məkanına çevrildiyini qeyd edib: “Atıcılıq üzrə Dünya Kuboku, ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa kuboku, Göygöldə cüdo üzrə kadetlər arasında Avropa kuboku, güləş üzrə U-23 Avropa çempionatı, Suqovuşanda və Mingəçevirdə avarçəkmə üzrə “Prezident kuboku-2024” reqatası və digər turnirlər ölkəmizdə yüksək səviyyədə təşkil edildi. Bakı ilə yanaşı, regionlarımızın da beynəlxalq yarışlara uğurla ev sahibliyi etməsi sevindiricidir. Daha bir qürurverici hadisə paytaxtımızla bağlı oldu. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının qərarı ilə Bakı şəhərinin 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçilməsi may ayının ən sevindirici xəbərlərindən biri oldu. Bu hadisə Bakının həqiqətən də dünyanın idman mərkəzlərindən birinə çevrilməsinin təsdiqi oldu. Şübhəsiz, bu qərarın verilməsində paytaxtımızda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən işlər də mühüm rol oynayıb”.

O bildirib ki, qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə ənənəvi görüşdə 16 idman növündə qazanılmış nailiyyətləri birgə müzakirə ediblər: “Qənc idmançılarımızın gələcək hədəfləri barədə fikir mübadiləsi apardıq. Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyeva ilə görüşərək tarixi uğuru münasibətilə təbrik etdik. İnanıram ki, Ülviyyənin Avropa çempionluğu ölkəmizdə şahmat idman növünün inkişafına yeni töhfələr verəcək. Ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevin Bakıda Milli Gimnastika Arenası ilə tanış olmaq istəyi və burada idmançılarla, məşqçi-mütəxəssislərlə görüşü iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin sırasında idman əməkdaşlığının daha da inkişafına təkan olacaq. Qonaqla görüş zamanı ona arenada yaradılmış şərait, mütəxəssislər və idmançılar barədə də məlumat verdik”.

Nazir Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin bu dəfə də əsl bayram əhvalında başa çatdığını vurğulayıb: “İlk turnirlə müqayisədə bu dəfə yarışa cəlb edilən uşaqların sayı daha da çox idi. Yeni istedadların üzə çıxmasında faydalı olacaq turnirin finalı və mükafatlandırma mərasimi onlar üçün unudulmaz anlarla zəngin oldu. Ötən il olduğu kimi, bu dəfə də turnirdə təkcə qaliblərə deyil, bütün iştirakçı uşaqlara velosipedlər hədiyyə edilməsi onlara əsl bayram sevinci yaşatdı. Tədbirin təşkilinə dəstək verdiyi üçün Bakı Abadlıq Xidmətinə və AFFA-ya təşəkkür edirəm. Ənənəvi hala çevrilən daha bir yarışımızı - Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirini də möhtəşəm finalla başa vurduq. 52 dövlət qurumunun gərgin mübarizəsi Ədliyyə Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında maraqlı final qarşılaşması ilə başa çatdı. Dövlət qurumlarının bu turnirə, eləcə də digər idman növləri üzrə keçirdiyimiz yarışlara maraqla qoşulması, onların arasında əsl idman rəqabəti sevindiricidir. Buna görə də qurumların hər birinə təşəkkür edirəm”.

Qayıbovun sözlərinə görə, ötən il Bakıda buz arenasının istifadəyə verilməsindən sonra ölkəmizdə qış idman növlərinə də diqqət artıb: “Təkcə fiqurlu konkisürmə deyil, hokkey və körlinq də diqqət mərkəzindədir. Hokkey bölmələrinə gələnlərin günbəgün artması gələcəkdə Azərbaycanın bu idman növündə uğur qazanmaq potensialından xəbər verir. Artıq ilk nailiyyət də qazanıldı. Ölkəmizin ilk hokkey komandası olan “Baku Flames” Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında keçirilən “Orxis Cup” ikinci beynəlxalq hokkey turnirinin “B” qrupunda bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görüldü. Tarixində ilk dəfə beynəlxalq turnirdə təmsil olunan Azərbaycan gələn il “A” qrupunda təmsil olunmaq hüququ qazandı. İnanıram ki, yaradılmış şərait və düzgün qurulmuş strategiya ölkəmizdə qış idman növlərinə marağı artırmaqla yanaşı, uğuru da davamlı təmin edəcək. Naxçıvan şəhərində, ardınca isə işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgədə, ilk dəfə olaraq Laçın şəhərində təşkil etdiyimiz "Sağlam həyat" günləri, Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gəlin birlikdə qaçaq” şüarı altında təşkil olunan kütləvi qaçış, Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Dünya Uşaq Atletikası Gününə həsr olunmuş “Yaşıl marafon" qaçışı kimi kütləvi tədbirlər bölgələrdə əhalinin sağlamlığı və idmanın təbliği baxımından faydalı oldu”.

Nazir ölkəmizdə ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasına da toxunub: “Milli idman növümüz olan çövkənin daha geniş yayılması, təbliği və inkişafı baxımından liqanın faydalı olacağına inanıram. Gələn il Bakı daha bir maraqlı yarışa – minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu münasibətlə keçirilən təqdimat mərasimində iştirak etdim. Əminəm ki, digər yarışlar kimi bu çempionat da yüksək səviyyədə keçiriləcək. Nazirliyin təşəbbüsü və dəstəyi ilə çəkilmiş daha bir idman filmi idman ictimaiyyətinə təqdim edildi. Gənc idmançımız Rüstəm İmanzadənin həyat və idman hekayəsindən bəhs edən "Hələ heç nə bitməyib - Rüstəm İmanzadə" filmi idmançı iradəsi və əzmkarlığının real nümunəsini əks etdirir. Bu günlərdə Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağında federasiyanın yeni rəhbərliyi seçildi. Ölkəmizdə tarixi ənənələri olan bu idman növünün gələcək inkişafı yolunda federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıram”.

O, idman federasiyalarının nümayəndələri ilə ənənəvi görüşü bu dəfə də paytaxtdan kənarda – Naxçıvan şəhərində keçirdiklərini deyib: “Sayca 14-cü olan görüşdə ənənəyə uyğun olaraq, qarşıda dayanan məsələləri müzakirə etdik, federasiya nümayəndələrinin təkliflərini dinlədik. Düzgün qurulmuş strategiya və işə peşəkar yanaşma öz bəhrəsini verməkdədir. Bu gün qazanılan uğur dünənki islahatların simptomlarıdır. Zaman keçdikcə, əldə edilən nəticələr hədəfə doğru istiqamətin düzgün seçilməsindən asılıdır”.

İdman.biz

Məqalədə: