Naxçıvan Muxtar Respublikası-100: İdman Festivalı keçirilib

Xəbərlər
24 İyun 2024 13:22
197
Naxçıvan Muxtar Respublikası-100: İdman Festivalı keçirilib

Bakı İdman Sarayında Naxçıvan Muxtar Respublikasının (MR) yaradılmasının 100 illiyinə həsr olunmuş İdman Döyüş Növləri Festivalının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, Gənclər və İdman Nazirliyinin, Bakı şəhərində Naxçıvan MR-in Daimi Nümayəndəliyinin təmsilçiləri, Milli Məclisin üzvləri, Azərbaycan Karate Federasiyasının, digər idman döyüs növləri federasiyalarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin müşayiəti ilə federasiya, assosiasiya və ictimai birliklərin idmançılarının təntənəli paradı baş tutub.

Daha sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Sonra İdman Döyüş Növləri Festivalı üzrə Təşkilat Komitəsinin sədri, Bakı İdman Sarayının İdman şöbəsinin müdiri Yavər Hüseynov çıxış edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, bu möhtəşəm təşəbbüsü dəstəkləyib, həyata keçirən Bakı İdman Sarayının direktoru Əli Əsgərovun adından İdman Döyüş Növləri Festivalının təntənəli açılış mərasiminə qatılan qonaqları salamlayıb, onun xoş sözlərini Festival iştirakçılarına çatdırıb.

O vurğulayıb ki, gənclər və idman naziri Fərid Qayıbovun xüsusi dəstəyi ilə belə bir mühüm kütləvi idman tədbiri təşkil olunur.

Festivalda fəxri qonaqlar Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinin təntənəli şəkildə qeyd edilməsinin, eyni zamanda belə bir möhtəşəm tədbirin keçirilməsinin önəmindən, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət dəstəyindən bəhs ediblər.

Fəxri qonaqların və döyüş idman növləri sahəsində ölkəmizdə böyük nailiyyətlər əldə edən şəxslərin xüsusi mükafatlarla təltif edilməsi müxtəlif idman növləri üzrə federasiya və idman təşkilatları üzvlərinin nümunəvi çıxışları, rəqs kollektivlərinin, o cümlədən “Öncə Vətən deyənlərə salam olsun” İB-nin kompozisiyaları ilə müşayiət olunub.

Qeyd edək ki, yarışlarda 27 idman təşkilatından 2100 idmançı (uşaq, yeniyetmə və gənclər) 14 idman döyüş növü (karate (WKF, şotokan, kyokşin, ənənəvi), uşu, kunq-fu və savat, Çin döyüş növləri və s.)) üzrə mübarizə aparıb.

İdman.biz

Məqalədə: