Fərid Qayıbov: “Bu bizim üçün çox vacibdir”

Xəbərlər
5 İyul 2024 16:19
283
Fərid Qayıbov: “Bu bizim üçün çox vacibdir”

“Bu ən sevdiyimiz tədbirlərdən biridir”.

İdman.biz xəbər verir ki, bunu Gənclər və İdman naziri Fərid Qayıbov Göygöldə keçirilən “Milli Yaylaq Festivalın”da jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tədbirdə bir neçə dövlət qurumu iştirak edir: “Cavadxan” Tarix və Mədəniyyət Fonduna xüsusi təşəkkürümüzü bildiririk ki, bu cür tədbirin təşkilini öz üzərlərinə götürüblər. Gördüyünüz kimi, burada yaxşı abu-hava var. Milli adət-ənənələrimiz və idman növlərimiz də burada nümayiş olunur. Bununla yanaşı, bir sıra qonaqlarımız iştirak edirlər. Müxtəlif ölkələrdən olan iştirakçılar da öz mədəniyyətlərini burada nümayiş etdirirlər. Bu bizim üçün çox vacibdir. Cənab Prezident İlham Əliyev gənclərlə görüşü zamanı bunu dəfələrlə vurğulayıb. Türkdilli Dövlətlər Təşkilatının tədbirində bir sıra nazirlərin görüşü baş tutub. Biz müxtəlif tədbirlər təşkil edirik. Bu tədbirlərdə bir sıra türkdilli dövlətlər də iştirak ediblər. “Üzgüçülük hamı üçün” və “Gənclər paytaxtı” Lənkəranda da baş tutan tədbirlərə türkdilli dövlətlər qatılıblar. Çox sevindirici haldır ki, bu festivalda insanlar ailələri ilə birlikdə iştirak edir. Onlar da uşaqları ilə milli adət-ənənələri ilə tanış olurlar”.

Qayıbov bildirib ki, federasiyalarla birgə Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan adına yüksək nəticə əldə etmək üçün çalışırlar: “Bayraqdarın kim olacağı isə hələlik məlum deyil. Bu barədə bir neçə gün ərzində dəqiq qərar veriləcək”.

Qeyd edək ki, bu gün startı verilən “Milli Yaylaq Festivalı” iyulun 7-dək davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: