Milli Yaylaq Festivalının açılış mərasimi - FOTO

Xəbərlər
5 İyul 2024 17:20
970
Milli Yaylaq Festivalının açılış mərasimi - FOTO

Üçüncü Milli Yaylaq Festivalının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Göygöldə təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Göygöl icra hakimi Elvin Paşayev, idmançılar və festival üzvləri iştirak ediblər.

Mərasimdə öncə milli musiqilər səsləndirilib, daha sonra müxtəlif rəqs nümunələri göstərilib. Ardınca türk dövlətlərinin nümayəndələrinin tarixi geyimlərdə bayraqlarla paradı baş tutub.

Qonaqlar etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq (k/t) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər müxtəlif mövzulu sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.

Festivalın məqsədi Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılmasıdır.

Üçüncü Yaylaq Festivalı "Cavadxan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” – Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl rayon icra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə keçirilir.

Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: