“Ədalətli Oyun” fotomüsabiqəsinə start verilib

Xəbərlər
8 İyul 2024 14:10
177
“Ədalətli Oyun” fotomüsabiqəsinə start verilib

Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) təşkil etdiyi III Dünya “Ədalətli Oyun” fotomüsabiqəsinə start verir.

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasından İdman.bizə verilən xəbərə görə, “Ədalətli Oyun” mövzusunda müsabiqə üçün şəkillər 2024-cü il dekabrın 31-dək qəbul ediləcək.

Müsabiqədə iştirak edəcək həvəskar və peşəkar fotoqraflar “Ədalətli oyun” mövzusunda fotolarını göndərməlidir. Əvvəllər nəşr olunan və ya nümayiş etdirilən fotoşəkillər müsabiqəyə buraxılmayacaq. Təqdim olunan fotolar iştirakçının özünə aid olmalıdır. Tamamilə və ya qismən digər mənbələrdən olan şəkillərin istifadəsi zamanı müəllif hüquqlarının pozulması halları ilə əlaqədar hüquqi məsələlər üzrə məsuliyyəti iştirakçı daşıyacaq.

Şəkil müsabiqəyə təqdim edilərkən iştirakçının və ya təmsil etdiyi qurum barədə məlumat (ad soyad, telefon və e-mail) da yer almalıdır. Qaliblər 2025-ci il fevralın 16-da Türkiyə Olimpiya Komitəsinin rəsmi saytı vasitəsilə (www.olimpiyat.org) elan olunacaq.

Qaliblər (ilk 5 yer) “Ədalətli oyunlar” lövhəsi, iştirak sertifikatı və pul mükafatı ilə təltif ediləcəklər. 1-ci yer 3000, 2-ci yer 1500, 3-cü yer 1000, 4-cü və 5-ci yerlərin hərəsi 300 ABŞ dolları alacaq.

İlk 5 yerin şəkilləri ilə yanaşı, münsiflər heyətinin seçdiyi daha 30 şəkil TOK III Dünya "Ədalətli oyunlar" foto müsabiqəsinin albomunda dərc olunacaq.

Qeyd edək ki, fotolar dekabrın 31-dək müsabiqə katibliyinin e-mail ünvanına ([email protected]) təqdim edilməlidir.

İdman.biz

Məqalədə: