XXXIII Yay Olimpiya Oyunlarına ölkəmizdən akkreditasiya olunmuş media nümayəndələri və Olimpiadaya lisenziya qazanmış növlər üzrə federasiyaların mətbuat katibləri ilə görüş keçirilib.
İdman.biz xəbər verir ki, görüşdə nazirliyin İdman şöbəsinin müdiri, Azərbaycan nümayəndə heyətinin şef de missionu Elnur Məmmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, komandanın press ataşesi Qabil Mehdiyev iştirak ediblər.
Media nümayəndələrini salamlayan Elnur Məmmədov Oyunlara cəmi 2 həftə qaldığını xatırladıb və Azərbaycan idmançılarının Oyunlarda iştirakı üçün görülən işlər barədə məlumat verib.
Görüşdə Olimpiada dövründə medianın fəaliyyəti, idmançıların hazırlığında psixoloji amillərin nəzərə alınması, komanda ruhunun yüksəldilməsi üçün atılmalı addımlar və digər vacib məqamlar müzakirə edilib. Eyni zamanda federasiyaların mətbuat xidmətləri ilə media nümayəndələrinin ortaq fəaliyyəti üçün görüləcək işlər barədə məlumat verilib.Tədbirdə həmçinin media nümayəndələrinin sualları cavablandırılıb və Parisə yollanacaq jurnalistlərə XXXIII Yay Olimpiya Oyunlarının akkreditasiyaları təqdim edilib.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.
İdman.biz