Dünyaca məşhur səyyah ilk dəfə Xəzər dənizində üzəcək - FOTO

Xəbərlər
6 Avqust 2024 15:30
554
Dünyaca məşhur səyyah ilk dəfə Xəzər dənizində üzəcək - FOTO

Tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvel “Qoliat” ekspedisiyasına Xəzər dənizindən davam edəcəklər.

İdman.biz xəbər verir ki, onlar Xəzər dənizini sərhəddən-sərhədə üzməklə ilkə imza atacaqlar.

Dəniz səyahəti Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə baş tutacaq.

Səyahət zamanı iki gənc üzgüçümüz, 15 qat respublika çempionları Anastasiya Boborkina və Abdurrəhman Rüstəmov səyyahlarla birgə üzəcəklər.

Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl bu missiyaya hələ 1998-ci ilin noyabrında 38.000 km-lik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel isə son 7 il ərzində 4 qitədə, 14 ölkədə olub, susuz səhraları, başı qarlı dağları gəzərək ümumilikdə 32,186 km məsafəni qət edib.

Səyyahlar bugünlərdə Aktau yaxınlığındakı sahildən yola çıxıb təxminən bir ay ərzində Bakıya çatmağı planlaşdırırlar.

Daha sonra Karl və Anjela Azərbaycan ərazisindən keçərək Avropaya doğru irəliləməyi və səyahətlərini Böyük Britaniyada yekunlaşdırmağı planlayırlar.

İdman.biz