Naxçıvanda ilk bilyard turniri - FOTO

Xəbərlər
5 Sentyabr 2024 14:25
85
Naxçıvanda ilk bilyard turniri - FOTO

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Naxçıvanın Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının (ABF) birgə təşkilatçılığı əsasında bilyard üzrə açıq muxtar respublika birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, "Marvel" Bilyard Klubunda reallaşan yarışa 20 nəfər qatılıb.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov iştirakçıları salamlayaraq ölkəmizdə idmana göstərilən dövlət qayğısından bəhs edib. Turnirlə bağlı təəssüratlarını bölüşən nazir müavini Naxçıvandakı bilyard həvəskarlarını əlamətdar gün münasibətilə təbrik edib və əlavə edib ki, yarış ilk dəfə keçirildiyinə görə bu sahədəki mövcud perspektivlərin öyrənilməsi üçün böyük zəmin yaradır. ABF ilə təməli atılan uğurlu əməkdaşlıq əlaqələri barədə danışan Məcid Seyidov bildirib ki, nazirlik bu idman növünün inkişafı üçün dəstəyini davam etdirəcək və federasiya ilə birgə tədbirlərimiz bundan sonra da davam etdiriləcək.

ABF prezidenti Seymur Məmmədov təşkilatı dəstəyə görə təşəkkürünü bildirərək Naxçıvanda ilk belə bir yarışın keçirilməsini bu sahədə təməl addım kimi dəyərləndirib. Qeyd edib ki, federasiya regionlarda da bu idman növünün inkişafını prioritet kimi müəyyənləşdirib və Naxçıvan kimi inkişaf etmiş diyarda bunun üçün əlverişli şərait, perspektivlər mövcuddur.

Çıxışların ardınca Məcid Seyidovun rəmzi vuruşu ilə turnirə start verilib. Nəticələrə gəlincə, gərgin keçən final görüşünü 3:2 hesablı üstünlüklə tamamlayan Fərid Hacıyev yarışın qalibi olub. Nahid Qoçəliyev ikinci, İntizam Quliyevlə Ramazan Əliyev üçüncü yerə layiq görülüblər.

İlk üç yerin sahibləri təşkilatçı qurumların rəhbərləri tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, yarışın məqsədi muxtar respublikanın müxtəlif bölgələrindən gəlmiş bilyard ustalarını və həvəskarlarını bir araya gətirərək, Naxçıvanın bu əlamətdar yubileyini idmansevərlər arasında qeyd etmək, bilyardın inkişafına töhfə verməkdir.

İdman.biz

Məqalədə: