Tofiq Bəhramov adına Respublika stadionunda “Sağlam həyat” səyyar avtomobilinin təqdimat mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, mərasimdə iştirak edən Gənclər və İdman Nazirliyinin Regionla İş sektorunun müdiri Elvin Zeynallı layihə barədə məlumat verib.
O bildirib ki, peşəkar idmanla yanaşı, əhalinin sağlam həyat tərzinin təminatı nazirliyin prioritet istiqamətlərindən biridir: “Bu il regionlarda nazirlik tərəfindən 897 kütləvi idman tədbiri həyata keçirilib. Bizim 8 “Sağlam həyat” layihəmiz olub ki, onlardan 1-də işğaldan azad olunmuş Laçın şəhərində baş tutub”.
Zeynallı yeni yaratdıqları “Sağlam həyat” səyyar xidmətini reallaşdıran avtomobil funksiyasından söz açıb: “İkimərtəbədən ibarət avtomibildə bir sıra idman növləri mövcuddur. Voleybol, tennis, badminton, şahmat, stolüstü tennis, basketbol və s. bir neçə idman növlərinin detalları ilə təchiz olunub. Bir neçə gün öncə Bakı şəhər Bulvarında “Formula-1” yarışlarında bu səyyar xidmətini test etdik və bu, insanların xüsusi marağına səbəb oldu. Yeni layihə hətta turistlərin də çox diqqətin çəkmişdi. İndi planlaşdırırıq ki, bu layihəni bütün regionlarda reallaşdıraq. Səyyar xidmətimizin sayının artırılması da planlaşdırılır”.
Banuçiçək Hüseynli
İdman.biz