Vüqar Həşimovun valideynlərinin son durumu açıqlanıb

Xəbərlər
4 Dekabr 2024 11:58
142
Vüqar Həşimovun valideynlərinin son durumu açıqlanıb

Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynlərinin son durumu bəlli olub.

Bu barədə İdman.biz-ə mərhum qrossmeysterin bacısı Samirə Allahverdiyeva məlumat verib.

O bildirib ki, valideynləri hələlik reanimasiyadadırlar: “Atam müalicəsini Mərkəzi Neftçilər xəstəxanasında davam etdirir. Hələlik əməliyyat olunmayacaq. Bunun həkim nəzarətində müəyyən mərhələlərdən keçdikdən sonra reallaşması gözlənilir. Lakin anam sabah əməliyyat ediləcək. O, Yeni Klinikada müalicə alır. Özləri ilə danışmışıq. Hər ikisinin vəziyyəti hazırda orta ağırdır”.

Qeyd edək ki, Vüqar Həşimovun atası Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.

Banuçiçək Hüseynli
İdman.biz