Ankarada Türkiyə ilə Azərbaycan arasında idman əlaqələri müzakirə olunub - FOTO

Xəbərlər
6 Dekabr 2024 21:18
76
Ankarada Türkiyə ilə Azərbaycan arasında idman əlaqələri müzakirə olunub - FOTO

Ankarada Türkiyə ilə Azərbaycan arasında “İdman sahəsində mütəxəssis mübadiləsi Proqramı”nın növbəti mərhələsi davam edir.

İdman.biz Azərtac.az-a istinadən xəbər verir ki, proqram gənclər və idman sahəsində əməkdaşlıq haqqında 2020-ci ildə imzalanmış Sazişə uyğun olaraq həyata keçirilir.

Türkiyənin paytaxtında Türkiyənin Gənclər və İdman Nazirliyinin nəzdində İdman Təhsili və Araşdırmalar İdarəsinin koordinasiyası ilə “İdman sahəsində mütəxəssis mübadiləsi Proqramı”nın yeni mərhələsi keçirilir.

On bir nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Ankarada İdman Xidmətləri Baş İdarəsində (SHGM) olub, burada SHGM-in idman sahəsində fəaliyyət proqramları və planları üzrə fikir mübadiləsi aparılıb.

Digərləri ilə yanaşı, Azərbaycandan olan mütəxəssislərə Türkiyə Olimpiya Tədris Mərkəzinin, eləcə də İdmançıların Hazırlıq Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.

SHGM-in baş direktoru, professor Vəli Ozan Çakır Azərbaycan ilə sıx əlaqələri yüksək qiymətləndirərək, idman sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu məsələdə idman qurğularından istifadənin səmərəliliyinin artırılması, idman mütəxəssislərinin mübadiləsi, eləcə də məşqçi hazırlığı proqramları kimi istiqamətlər xüsusi maraq doğurur.

“Biz idmançılar və ümumilikdə gənclər üçün imkanları maksimum dərəcədə genişləndirməyə çalışırıq”, - deyə o vurğulayıb.

İdman.biz