“Paris-2024 Yay Olimpiya Oyunlarında təəssüfləndiyimiz anlar oldu”.
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbovun ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşündə deyib.
O, yola salmağa hazırlaşdığımız ildə təəssüfləndiyi, “kaş” dediyi məqamlardan danışıb: “Parisdə bizim üçün vacib idi ki, ilk qızıl medal qazanılsın. Oyunlar vaxtı psixoloji durum çox gərgin olur. Bu il idman jurnalistlərimiz də ilk dəfə olimpiadada iştirak etdilər. Bu, çox vacib amildir. Hər yarış hamımız üçün bir təcrübədir. Orada insanların necə həyəcan keçirdiyini, yəqin, jurnalistlər də gördülər. İlk medal əldə olunanda çox sevindik. Sonra iştahamız artmağa başladı (gülür). Doğrudan da şansımız var idi. Güləşçimiz Həsrət Cəfərovun da Olimpiya çempionu olmasını istəyirdik. Gənc olsa da, böyük potensiala malikdir. Amma idmanda hər şey istədiyin kimi olmur. Bir çox amillər var. Finala çıxan boksçumuz Alfonso Domingesdən də qızıl medal gözləyirdik. Taekvondoçumuz Qaşım Maqomedovu qeyd edərdim. Ümumiyyətlə, Azərbaycan Taekvondo Federasiyası 100 faizlik nəticə göstərdi. Bir idmançı ilə təmsil olunduğu olimpiadada gümüş medal götürdü. Onun finalda da qalib gəlməsini istəyirdik. Təəssüf ki, zədələndi. Federasiyaların orada necə çalışdığını hamımız görürdük. Ortada iş var idi. Hamı birgə çalışırdı. Məsələn, Anna Skidan qatıldığı 4-cü Olimpiya Oyunlarında ilk dəfə final mərhələsinə vəsiqə qazandı. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ilk dəfə iştirak etdiyi olimpiadada 5-ci yeri tutdu. Medala çox yaxın idilər”.
Nazir Olimpiadada medal gözlədiyi, lakin onu xəyal qırıqlığına uğradan idmançıların adlarını isə açıqlamayıb: “Onların adlarını sizə deməyəcəyəm (gülür). Çünki biz idmançılara dəstək olmalıyıq. Hansısa neqativ sözlərlə onları “sındıra” bilərik. Nəticə qazanmağı ən çox idmançı arzulayır. Biz federasiyalarla nəticələr barədə əvvəldən öz proqnozlarımızı müzakirə edirdik. Təhlillər əsasında müəyyən təxminlərimiz var idi. Bəli, daha çox şey gözlədiyimiz idmançılar var idi. Amma yenə də bu idmandır”.
Qeyd edək ki, Azərbaycan 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
İdman.biz