“Legionerlər daha çox bizim üçün yeni olan idman növlərindədir”.
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbovun ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşündə deyib.
O, legionerlərin Azərbaycan millilərinin şərəfini qorumasına münasibət bildirib: “Gənclər hansısa peşəkar idmançıya baxıb nəsə öyrənməlidirlər. Ona görə də düşünürəm ki, əcnəbi idmançı dəvət oluna bilər. Amma bir ara onların sayı çoxalmışdı. Açığı, bunu başa düşə bilmirdim. Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik. Deyə bilərəm ki, onların sayı kifayət qədər azalıb”.
Nazir döyüş növlərində ağır çəkilərdə legionerlərə ehtiyac olduğunu da gizlətməyib: “Amma ağır çəkilərdə problemlərimiz var, idmançı yetişmir. Burada seleksiya işləri yaxşı aparılmalıdır. Təəssüflər olsun ki, mütəxəssislərimiz çatışmır. Bunun üçün müəyyən işlər görülür”.
Qayıbov mütəxəssis çatışmazlığına da toxunub: “Bilirsiniz ki, yaxşı mütəxəssis qısa zamanda yetişmir. İdman Akademiyasında da müəyyən dəyişikliklər etmək istəyirik. Ona görə də əvvəlcə ölkə xaricindən mütəxəssislər dəvət edirik. Çünki hər şey sürətlə inkişaf edir, sistem də fərqlidir. Yaxşı yerli mütəxəssislər yetişdirməliyik. Onların sayı çox olmalıdır ki, rəqabət artsın. Bundan sonra legioner idmançılar gətirilsə belə, bizimkilər onlardan üstün olacaq”.
Nazir legionerlərin milləşdirilməsi zamanı qərarın necə verildiyinə də aydınlıq gətirib: “Legioner idmançı gətirmək üçün bizdən xahiş edirlər. Ancaq qaydalar, şərtlər çox sərtləşib”.
İdman.biz