Bu gün ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunur.
İdman.biz idman ictimaiyyətinin bayramı harada və necə qarşılayacağı ilə bağlı sorğu keçirib.
Arif Əsədov (millinin sabiq məşqçisi): “Yeni ili evdə, ailəmlə birlikdə qeyd edəcəm”.
Zeynəb Məmmədyarova (şahmatçı): “Biz hazırda Nyu-Yorkda blits üzrə dünya çempionatındayıq. Bu gün də oyunlarımız var. Yeni il girəndə isə təyyarədə olacağıq. Həyatımda ilk dəfədir yeni ili təyyarədə qarşılayacam. Qardaşım Şəhriyarla, bacım Türkan da mənimlə birgə təyyarədə olacaq”.
Yunis Hüseynov (“Turan Tovuz”un məşqçisi): “Həmişə bayramları ailəmlə birlikdə qeyd edirəm. Bu il də yeni ili ailəmlə birgə Qax rayonunda qarşılayacam”.
Şahin Diniyev (millinin sabiq baş məşqçisi): “Yeni ili evdə, ailəmlə birgə qarşılayacam”
Əfran İsmayılov (millinin sabiq futbolçusu): “Düzü, həmin günün mənim üçün ilin digər günlərindən heç bir fərqi yoxdur. Dekabrın 25-i nədirsə, 31-i də mənim üçün odur. Bayramla bağlı hər hansı planım yoxdur”.
Elvin Camalov ("Sabah"ın kapitanı): “Həmişə olduğu kimi bu il də bayramı ailəmlə birgə Qaxda qeyd edəcəm”.
Elcan Hacıyev (cüdoçu): “Bayramı Bakıda ailəmlə birgə qeyd edəcəm”.
Malik Həsənov (boksçu): “İl ərzində yarışlarla əlaqədar olaraq, bayramları və bir çox əlamətdar günləri ailəmdən kənarda keçirməyə məcbur oluram. Artıq ilin sonu olduğu üçün yeni ilə ailəmlə birgə qədəm qoymaq istəyirəm”.
Alfonso Dominqes (boksçu): “Evdə, ailəmlə birgə qeyd edəcəm”.
İmammədin Xəlilov (parataekvonduçu): “Əslində, bayramı Dubayda qeyd etmək istəyirdim. Hətta bilet də almışdım. Ancaq təyyarə qəzası ilə əlaqədar olaraq planımı ləğv elədim. Yeni ili Gəncədə ailəmlə birgə qarşılayacam”.
Rafiq Hüseynov (güləşçi): “Yeni illə bağlı xüsusi planım yoxdur. Hər Yeni il atamın süfrəsində oluram deyə artıq bayramı bu cür qeyd etmək mənim üçün ənənə halını alıb. Bu il də digərlərindən fərqli olmayacaq. Ümumiyyətlə, Yeni ili xüsusi canfəşanlıqla qeyd edən adam deyiləm”.
Güllü Ağalarzədə (bədii gimnast): “Bayramı ailəmlə birlikdə Lerikdə keçirəcəm”.
Kamal Bayramov (“Şamaxı”nın qapıçısı): “Ailəmlə birgə qeyd edəcəm”.
Aysun Seydiyeva (“Neftçi”nin futbolçusu): “Evdə, ailəmlə birgə qeyd edəcəm”.
Aytac Sahəd
İdman.biz