Azərbaycanda keçiriləcək mundialda sumoçularımızın qızıl medallar qazanacaqlarına inanırıq.
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov 2026-cı ildə ölkədə baş tutacaq sumo üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.
Qurum rəsmisi yarışın harada keçiriləcəyinin hələ müəyyənləşmədiyini bildirib: “Beynəlxalq Sumo Federesiyasının İdarə Heyətinin Polşada keçirilən iclasında namizəd ölkələrin təqdimatı olmuşdu. Sonuncu dəfə Azərbaycan və Brazilya arasında mübarizədə səs çoxluğu ilə ölkəmiz qalib gəldi. Çempionat 2026-cı ilin sentyabrında təşkil olunacaq. Hazırlıqlara gələn aydan start veriləcək. Yarışın harada keçiriləcəyinə gəlincə, bununla bağlı danışıqlar gedir və qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”.
O, dünya çempionatında Azərbaycanın neçə idmançı ilə təmsil olunacağı barədə sualı da cavablandırıb: “Dünya çempionatında iştirak edəcək idmançılar bu il ərzində müxtəlif beynəlxalq və yerli turnirlərdə qeydə alınacaq nəticələrə əsasən müəyyənləşəcək. Neçə idmançı ilə təmsil olunacağımız haqda indidən proqnoz vermək çətindir. İndiyə qədər sumo üzrə dünya çempionumuz olmayıb. Azərbaycanda keçiriləcək mundialda sumoçularımızın qızıl medallar qazanacaqlarına inanırıq. Dünya çempionatına qədər isə sumoçuların müxtəlif təlim-məşq toplanışlarında, yerli və beynəlxalq yarışlarda iştirakı gözlənilir”.
İdman.biz