Ötən il Azərbaycan bodibilderləri üçün məhsuldar olub.
İdman.biz xəbər verir ki, idmançılarımız Avropa çempionatında komanda hesabında birinci yeri tutub, beynəlxalq arenada ümumilikdə 30 mükafat qazanıblar.
Yeni mövsümdə də komanda uğurlarını artıra bilər.
Milli federasiyanın prezidenti Rauf Bünyatəliyev saytımıza müsahibəsində qeyd edib ki, 2024-cü ilin əsas nailiyyəti Azərbaycanın Avropa və dünya bodibildinq arenasında əsas rəqib kimi qəbul edilməsidir.
“Rəqiblər üçün Azərbaycan komandası keyfiyyət göstəricisidir, idmançılarımızdan çəkinirlər. Bu, böyük nailiyyətdir və eyni zamanda, ölkə bayrağı altında səhnəyə çıxan idmançılara stimuldur”, - deyə Bünyatəliyev vurğulayıb.
Bu il də qitə çempionatının yeri dəyişməz olaraq qalacaq. Yarış yenidən təkcə Avropanın deyil, həm də dünya bodibildinqinin mərkəzinə çevrilmiş Santa Susannada keçiriləcək. Komandamız üçün Avropa çempionatı ilin əsas turniri olacaq və yaxın günlərdə federasiya İspaniya sınağına hazırlaşacaq heyəti müəyyənləşdirəcək. Namizədlər arasında son ölkə çempionatının mükafatçıları da var. Bünyatəliyev eyni zamanda qeyd edib ki, idmançılar respublika yarışlarında da dünya səviyyəli çıxış göstərirlər.
“Milli çempionatda ilk üçlükdə olan istənilən idmançı beynəlxalq arenada da zirvədə olacaq. Hətta beynəlxalq federasiyanın prezidenti Rafael Santoxa da onların səviyyəsini yüksək qiymətləndirir. Bu, çox önəmlidir və bizim əsas vəzifəmiz bu keyfiyyət göstəricisini saxlayıb, nailiyyətləri artırmaqdır”, - deyə Bünyatəliyev bildirib.
Ötənilki Avropa çempionatında idmançılarımız dörd mütləq titul qazanaraq, ümumilikdə 8 qızıl, 6 gümüş, 6 bürünc medal əldə ediblər. Bundan əlavə, bizim kollektiv bodibildinq yarışının ümumi komanda hesabında birinci yeri tutub.
Mövsümün ikinci yarısına gəlincə, o, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək dünya çempionatı ilə əlamətdar olacaq. Yarış 27-30 noyabr tarixlərinə təyin edilib. Beynəlxalq federasiyanın Konqresi də orada keçiriləcək.
Zəki Feyzullayev
İdman.biz