Qəbələdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad keçirilib - YENİLƏNİB - FOTO - VİDEO

Xəbərlər
5 Mart 2025 13:39
277
Qəbələdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad keçirilib - YENİLƏNİB - FOTO - VİDEO

Azərbaycanın İdman paytaxtı Qəbələdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad başa çatıb.

İdman.biz xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca təntənəli parad açıq elan edilib. Müxtəlif növlər üzrə federasiyalar, veteran idmançılar, gənclər və idman idarələri və atletlər paraddan keçiblər.

Mərasimi giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, Qəbələ 2025-ci ilin idman paytaxtı seçilib: “Bununla bağlı başda prezident İlham Əliyevə və Gənclər və İdman Nazirliyinə özümün və qəbələlilərin adından təşəkkür edirəm. Azərbaycanda idmana qayğı daim dövlətin diqqətində saxlanılıb. Hər kəsə məlumdur ki, bütün bölgələrimiz kimi Qəbələ də gündən-günə inkişaf edir və bu gün beynəlxalq əhəmiyyətli yarışlara ev sahiblik edir. Qəbələ bu gün nəinki ölkəmizdə, dünyada da multikulturalizm və turizm mərkəzi kimi tanınmaqdadır. Bu il şəhərimiz MDB-nin gənclər paytaxtı da seçilib. Bu, Qəbələnin beynəlxalq səviyyədə tanınmasına müsbət təsir göstərəcək”.

Abdullayevin sözlərinə görə, qarşıda onları məsuliyyətli və gərgin qrafiki olan bir il gözləyir.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik edib və bu günün tarixindən söz açıb: "Bu gün qonaqpərvər bir şəhərdəyik. Hər birinizə ilk növbədə təşəkkür edirəm ki, bu bayrama qoşulmusunuz. İstərdim ki, əvvəlcə bu bayramın tarixçəsini danışım. 30 il öncə məhz bu gün Ulu Öndər beynəlxalq yarışlarda nailiyyətlər qazanmış idmançılarla görüşüb. 2005-ci ildə isə ölkə başçımız İlham Əliyev tərəfindən bu günün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunmasına dair fərman imzalanıb. Bu gün çox gözəl yürüş baş tutdu. Hər kəsin simasında bayram abu-havası hiss olunur. Bütün idmançılarımızı bir daha təbrik edir və yeni-yeni uğurlar arzulayıram".

Tədbir bədii hissə ilə davam etdirilib.

***

12:18

Azərbaycanın idman paytaxtı Qəbələdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad keçirilir.

İdman.biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin önündə start götürən parad “Asan Xidmət” binasının önündə yekunlaşacaq.

Paradda gənclər və idman naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idman ictimaiyyəti və şəhər sakinləri iştirak edirlər.

Aytac Sahəd
İdman.biz