İlqar Qurbanov: “Həm futbolda, həm də digər idman növlərində inkişaf görmək istəyirik”

Xəbərlər
6 Mart 2025 11:20
70
İlqar Qurbanov: “Həm futbolda, həm də digər idman növlərində inkişaf görmək istəyirik”

“Bir il çox tez keçdi”.

Bunu İdman.biz-ə İdman səfiri İlqar Qurbanov deyib.

O, səfir kimi keçirdiyi bir ili dəyərləndirib: “Bir ildir idman səfiri kimi fəaliyyət göstərdim. Artıq bu müddət başa çatdı. Gələn il qismət olarsa, yenidən namizədliyimi verəcəm. Bir il çox yaxşı keçdi, maraqlı tədbirlər oldu. Tez-tez bölgələrə səfərlərimiz olurdu, xüsusilə də, ötən ilin “İdman paytaxtı” Qubada tədbirlərdə iştirak edirdik. Fikrimcə, belə tədbirlərin təşkili idmanın təbliği istiqamətində mühüm rol oynayır. Bu kollektivlə işləmək mənim üçün çox maraqlı idi. Ümid edirəm ki, gələcəkdə yenə birgə işləmək şansımız olar”.

Onun sözlərinə görə, 2024-ci ilin Azərbaycan idmanı üçün yaddaqalan olub: “Ötən il Azərbaycan idmanı üçün uğurlu alındı. Xüsusilə də, Paris-2024 Yay Olimpiya Oyunlarındakı nailiyyətlərimizə çox sevindik. Həm futbolda, həm də digər idman növlərində inkişaf görmək istəyirik. Buna doğru da ciddi addımlar atılır. İstəyimiz odur ki, bayrağımız həmişə yüksəklərdə olsun. Bunun üçün də çox işləmək, çox çalışmaq lazımdır”.

Futbol üzrə Azərbaycan milli komandasının direktoru İlqar Qurbanov yığmanın DÇ-2026-nın seçmə mərhələsindəki şanslarını da dəyərləndirib: “Düzü, bu barədə danışmaq istəmirəm, çünki baş məşqçimiz Fernandu Santuş artıq danışıb. Hər bir halda yaxşı oyunlar nümayiş etdirməli, inkişaf üçün çalışmalıyıq. Buna da bir az da vaxt lazımdır”.

Aytac Sahəd
İdman.biz