Azərbaycan İdman Akademiyasının (AİA) yeni loqosunun təqdimat mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, AİA-nın akt zalında baş tutan rebrendinqdə gənclər və idman naziri Fərid Qayıbov, federasiyaların, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Akademiyanın Tədris üzrə prorektoru Ülkər Babayeva çıxışında yeni loqonun mahiyyətindən söz açıb: "Ötən il Nazirlər Kabinetinin qərarı ilə Akademiyamızın adı dəyişib. Bu dəyişiklik bizim üçün təkcə ad yox, həm də kimlik dəyişikliyidir. Əvvəlki adımızın əhəmiyyətli olmasına baxmayaraq, ənənəvi xarakter daşıyırdı. Biz hazırda beynəlxalq standartlarla ayaqlaşmağa çalışırıq. Yeni loqomuzda da bu yanaşma əksini tapıb”.
Daha sonra Akademiyanın fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Yeni loqonun dizayn qrupunun rəhbəri Şamil Ramazanov yeni loqonu təqdim edib. O, əvvəlki rəmzin aktuallığını itirdiyini, yeni variantın isə müasir tələblərə uyğun yaradıldığını vurğulayıb.
Akademiyanın rektoru Fuad Hacıyev loqonun fəlsəfəsindən danışıb. O, təhsil ocağının son illərdəki fəaliyyətindən söz açıb. Rektor loqodakı yaşıl rəngin təsadüfən seçilmədiyini, Akademiyanın fəaliyyətinə dair mesajları ehtiva etdiyini qeyd edib.
Aytac Sahəd
İdman.biz