Zlatiborda ISF U15 Gimnaziada İdman Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Serbiyanın dağ kurort ərazisi hesab olunan şəhərin mərkəzində baş tutub.
Tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Azərbaycan millisi paraddan 4-cü keçib. Üçrəngli bayrağımızı yunan-Roma güləşçimiz, Avropa çempionu Qurban Məcnunov və boksçumuz, qitə birinciliyinin mükafatçısı Kəmalə Həsənova daşıyıb.
Azərbaycan komandası adından Gənclər və İdman Nazirliyinin əməkdaşı Nailə Xanlarova feyr-pleylə bağlı çıxış edib. O, millimiz adından ədalətli və mehriban şəkildə mübarizə aparmağa, hakimlərin və rəsmilərin qərarlarına hörmət ediləcəyinə söz verib.
Tədbirdə Serbiyanın gənclər və idman naziri Zoran Qayiç, Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti vəzifəsini icra edən Youssef Belqasmi və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasim bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, aprelin 4-dən 14-dək keçiriləcək Gimnaziadada 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan millisi yarışda 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
İdman.biz