Azərbaycanın Gimnaziadada şef de-missionu: “Vətənə çoxlu medallarla qayıdacağıq”

Xəbərlər
6 Aprel 2025 09:22
76
Azərbaycanın Gimnaziadada şef de-missionu: “Vətənə çoxlu medallarla qayıdacağıq”

“Ölkəmiz yarışda 191 idmançı ilə təmsil olunur. Onlardan 100-ü oğlanlar, 91- qızlardır”.

Bunu İdman.biz-in Serbiyaya ezam olunmuş əməkdaşına Zlatiborda bu gün start götürəcək ISF U15 Gimnaziada İdman Oyunlarında Azərbaycan millisinin şef de-missionu Elvin Zeynallı deyib.

Nümayəndə heyətinin rəhbəri yığmamızın yarışdakı şanslarını dəyərləndirib. O bildirib ki, əsas hədəf 15 yaşadək idmançılarımızın təcrübə toplamasıdır: “Zlatibora gələn heyətdə legioner yoxdur, hamısı yerli idmançılardır. Əsas məqsədlərimizdən biri komandanı ölkəmizdə keçiriləcək MDB Oyunlarına hazırlamaqdır. Həmçinin gələcək turnirlərdə, daha reytinqli yarışlarda daha yaxşı çıxışa hesablanıb”.

Zeynallı komandadan gözləntilərini də açıqlayıb. Onun sözlərinə görə, Bəhreyndə keçirilən Gimnaziada ilə müqayisədə daha yaxşı nəticəyə ümid edir: “Manamada komandamız 77 medalla yarışı 7-ci pillədə başa vurmuşdu. Bu dəfə daha yaxşı nəticələr gözləyirik. Federasiyalardan pronozları almışıq və ürəkaçandır. Ümid edirik ki, Vətənə çoxlu medallarla qayıdacağıq”.

Qeyd edək ki, aprelin 12-də bitəcək Gimnaziadada 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan millisi Oyunlarda 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə yarışlarda təmsil olunacaq.

İdman.biz