Azərbaycanı Avropa Gənclər Yay Olimpiya Festivalında 55 idmançı təmsil edəcək - FOTO

Xəbərlər
10 Aprel 2025 09:15
57
Azərbaycanı Avropa Gənclər Yay Olimpiya Festivalında 55 idmançı təmsil edəcək - FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının missiya rəhbərlərinin görüşü keçirilib.

İdman.biz xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidməti açıqlayıb.

40-dan çox ölkənin nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanı MOK-un İdman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev təmsil edib. Görüş zamanı Festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesi, təşkilati məsələlər, atletlərin yerləşdirilməsi və yaradılan şərait müzakirə olunub.

Azərbaycan mötəbər yarışda 10 idman növündə (gimnastika, cüdo, üzgüçülük, velosiped, stolüstü tennis, atletika, badminton, taekvondo, dağ velosipedi, atıcılıq) 55 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, Festival iyulun 20-26-da Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək.

İdman.biz