“Biz 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunlarının proqramını tamamlamaq üçün ciddi səylərimizi davam etdiririk”.
İdman.biz xəbər verir ki, bunu Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos deyib.
O, bu barədə Avropa İttifaqının Krakovda keçirilən İdman Forumunda danışıb: "Başa düşürük ki, Avropa Oyunları proqramında idman növlərinin mümkün qədər tez təsdiqlənməsi idmançılar, məşqçilər, federasiyalar və təşkilatçılar da daxil olmaqla, bütün maraqlı tərəflər üçün vacibdir. EOC İcraiyyə Komitəsi bu məsələ üzərində işləyir".
İlkin siyahı artıq razılaşdırılıb və ora 21 növ daxildir. Onların arasında sonuncu Avropa Oyunlarında olmayan güləş və gimnastika da var. Əvvəllər multiforumda təmsil olunmayan ağır atletikanın da siyahıda yer alması diqqəti çəkir.
Yarışların ilkin proqramına həmçinin cüdo, taekvondo, boks, atıcılıq, karate, atletika, qılıncoynatma, badminton, kamandan oxatma, voleybol, 3x3 basketbol, triatlon, müasir beşnövçülük, üzgüçülük, avarçəkmə və stolüstü tennis daxildir. Siyahıda iki alternativ idman növü də var: sahildə avarçəkmə və yelkən idmanı.
Amma əslində idman növləri daha çox olacaq: nəzərə alsaq ki, məsələn, Bakıda və Minskdə keçirilən Avropa Oyunlarının gimnastika proqramına idman və bədii gimnastikadan tutmuş batutla tullanmaya, akrobatika və aerobikaya kimi bütün növlər daxil idi.
Bu məqamı təxminən bir ay əvvəl Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov da qeyd etmişdi: "Gimnastikanın yenidən Avropa Oyunlarının bir hissəsi olacağını elan etməkdən qürur duyuram! Biz indi növlər, rəqəmlər və təsnifat prosesinin müzakirəsi mərhələsinə qədəm qoyuruq. Əmin olun, məqsədimiz 2015-ci ildə Bakıda və 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında olduğu kimi altı növün hamısını siyahıya daxil etməkdir: kişilər və qadın idman gimnastikası, bədii gimnastika, batutla tullanma, akrobatika və aerobik gimnastika".
2027-ci il Avropa Oyunları proqramının ilin sonuna kimi təsdiqlənməsi gözlənilir.
Zəki Feyzullayev
İdman.biz