Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Məqsədyönlü, iddialı, rəqabətə dözümlü olan qoçlar üçün həftə uğurlu olacaq. Bu, əsasən qaçış, qol güləşi və ya qarışıq döyüş növləri ilə məşğul olanlar üçün xarakterik olacaq. Tennis, atletika, ağır atletika, güləş, avarçəkmə, konkisürmə, qılıncoynatma və atıcılıq növləri ilə məşğul olanlar üçün də düşərli həftədir. Komanda yarışlarında tez-tez hücumçu mövqeyində qərarlaşan qoçların qələbə əzmi qaçılmazdır.
Buğa
Özünəməxsus xarakterləri ilə seçilən güclü və dözümlü buğalar həftə ərzində keçirilən gimnastika, rəqs, ağır atletika və güləşdə uğurlar əldə edəcəklər. Lakin səhhətlərində bir qədər geriləmə hiss edəcəklər. Bir az əzginlik, yüngül ağrılar sizi o qədər də narahat etməsin, ötəri olacaq. Buğaları ağır məşqlər gözləyir. Odur ki, dözümlük nümayiş etdirməlidirlər, nəticə ürəkaçan olacaq.
Əkizlər
Əkizlər üçün həftə düşərli başlayacaq. Həftə ərzində futbol, həndbol, xokkey, voleybol, basketbol, həmçinin tennisdə bol şanslar qaçılmazdır. Onların üstünlüyü ondadır ki, komanda ilə işləməyi bacarırlar, məhz bu səbəbdən də nəticə müsbət olacaq. Əsasən, məşqçi heyəti üçün uğurlu həftədir. Əkiz məşqçilərin qarşı tərəflə məharətli ünsiyyət bacarığı çox köməklərinə gələcək.
Xərçəng
Xərçənglər mükəmməl fiziki hazırlıqları ilə yanaşı, psixoloji-emosional tarazlığa diqqət yetirməlidirlər. Eyni zamanda, yaxşı koordinasiya və sürətli reaksiya baxımından öz üzərilərində işləməlidirlər. Üzgüçülük, su polosunda müsbət nəticələr gözləniləndir. Bu sıraya bədii gimnastikanı da əlavə etmək olar.
Şir
Şöhrəti çox sevən şirlər qarşıdakı həftədə yaxınlarının, habelə fanatlarının rəğbətini qazana biləcəklər. Lakin bu, şirlərdə arxayınçılıq yaratmamalıdır. Son dərəcə öz üzərilərində işləməlidirlər. Bürc nümayəndələri rəqs, fiqurlu konkisürmə, tennis və futbol sahəsində daha çox uğur qazanacaqlar. Şirlər həm də komanda idmanının bütün növlərində uğur qazana bilərlər, əsasən də basketbol və həndbolda.
Qız
Qızlar əla strateqdirlər, hər şeyi əvvəlcədən hesablamağa öyrəşiblər. Buna görə də, düşüncələrinə güvənməli, məntiqlə hərəkət etməlidirlər. Tələb olunduğu halda bacarıqlarından maksimum faydalanmalıdırlar. Şahmat, futbol, qolf və basketbolda nailiyyətləri gözləniləndir. Aykido da bu bürcün nümayəndələri qələbənin astanasında olacaqlar, mənəvi cəhətdən zənginlikləri, təşəbbüskarlıqları bunu deməyə əsas verir.
Tərəzi
Tərəzilər zərif və çevik hərəkətləri ilə bütün idman növlərində bacarıqlarını sərgiləyə bilirlər. Ulduzlar tərəzilərə gimnastika, sinxron üzgüçülük, fiqurlu konkisürmə, akrobatika kimi idman növlərində rahatlıqla güclərini sınamaqda cəsarət vəd edir. Ciddi nəticələr əldə etmək ehtimalı böyükdür. Tərəf müqabilinə ehtiyac duyacaqlar və onlara inanmalıdırlar.
Əqrəb
Əqrəblərin daha çox adrenalinə ehtiyacı olacaq. Güləş, karate, hündürlükdən tullanma, kaskadyor hərəkətlərdə özlərini sınamağa dəyər. Əqrəblərin özünəgüvən hissi yüksək olacaq. Çalışın əhvalınızı bu tonda saxlayasınız. Məşqlərdə zədə almaq təhlükəsi görünür, bu baxımdan son dərəcə ehtiyatı əldən verməmək tövsiyə olunur.
Oxatan
Oxatanlar mənsub olduqları idman növündə özlərinə güvənə bilərlər. Məşqçilərin tövsiyələrinə qarşı həssas olmalıdırlar. Ulduzlar onlara daha çox qaçış, at sürmə, badminton, üzgüçülük, güləş növlərində bol şanslar vəd edir. Sadəcə, özlərinə çox inanmalıdırlar və sağlamlıqlarına diqqət etməlidirlər.
Oğlaq
Oğlaqlar israrlı və dözümlülüklərini qorumalıdır, uzunmüddətli hədəfə çatmaq naminə bu həftə ardıcıl məşqlərə ehtiyacları olacaq. Marafon yarışlarında, ağır atletikada, alpinizmdə, qayayadırmanmada və dağ xizəkçiliyində qalib olmaq şansları böyükdür. Oğlaqları xokkey və fiqurlu konkisürmədə də uğurlar gözləyir.
Dolça
Dolça bürcündən olan idmançılar komanda oyununda daha diqqətli olmalıdırlar. Futbol, basketbol, voleybol, yelkənli qayıq və ya paraşütlə tullanmada uğurlar əldə edəcəklər. Asudə vaxtlarında stadionlarda oyunları seyr etmələri məsləhət görülür. Ötən həftənin gərginliyini bu yolla dəf edə bilərlər.
Balıq
Balıqlar həftəboyu çevik və dinamik olacaqlar. Bununla belə, istirahətlərinə də fikir verməlidirlər. Yaxşı olar ki, yoqaya, fiqurlu konkisürməyə vaxt ayırsınlar. Bu bürcdən olan idmançılar adətən qarşı tərəfi daha həssas duyurlar. Məşq zamanı məşqçinin sərtliyindən usanmamalısınız. Bir çox kompleksləriniz aradan qalxacaq, peşə vərdişlərinin təkmilləşdirməyə davam edin.
İdman.biz