İlham Zəkiyev: “Vətənimiz Azərbaycana başımız dik, alnımız açıq geri dönürük”

Xəbərlər
9 Sentyabr 2024 10:39
267
İlham Zəkiyev: “Vətənimiz Azərbaycana başımız dik, alnımız açıq geri dönürük”

“Bu, iştirak etdiyim 6-cı Paralimpiya Oyunları idi”.

Bunu İdman.bizə Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan millisinin parataekvondoçusu İlham Zəkiyev deyib.

J1 kateqoriyasında 90+ kq-da bürünc medal qazanan Zəkiyev yarışla bağlı təəssüratlarını bildirib: “Bu dəfə yarışa istədiyim kimi hazırlaşa bilməmişdim. Səbəbi isə biləyimdə və dirsəyimdə olan zədələr səbəbindən aldığım müalicələr idi. Lakin bütün bunlara baxmayaraq, yenə öz gücümü bu Paralimpiyada da sınadım. İlk görüşüm fransalı idmançı ilə oldu. Hakimlərin qərəzli mövqeyi rəqibimə kömək oldu və mən ayaq barmağımdan zədələndim. Lakin digər görüşlərimdə də zədəli olsam da, yarışdım. Bu gün isə sevindirici haldır ki, medalla Vətənimə geri dönürəm”.

Onun sözlərinə görə, yarışın təşkilatçılığı heç də ürək açan olmayıb: “Bu günə qədər iştirak etdiyim Paralimpiya yarışlarından ən zəifi Parisdə oldu. Biz isə bütün olanlara rəğmən, bayrağımızı Fransada yüksəyə qaldıra bildik. İdmançı dostlarımız dövlət himnimizi dəfələrlə səsləndirdi. Bunun üçün çox qürurlu və xoşbəxtik. Vətənimiz Azərbaycana başımız dik, alnımız açıq geri dönürük”.

Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub.

Banuçiçək Hüseynli
İdman.biz