Orxan Aslanov: “İdmançının bayramı medal qazandığı gündür” - VİDEO

Müsahibə
12 Sentyabr 2024 14:28
699
Orxan Aslanov: “İdmançının bayramı medal qazandığı gündür” - VİDEO

“Sevinirəm ki, vətənimə qızıl medalla qayıda bildim”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Paris-2024 Yay Paralimpiya Oyunlarının uzunluğa tullanma üzrə qızıl medalçısı deyib.
29 yaşlı idmançı bildirib ki, növbəti Paraalimpiya oyunlarında iştirak etmək niyyətindədir: “Tokio-2020 Yay Paralimpiya Oyunlarında 26 yaşım vardı, indi isə otuza keçirəm. Bu yaşda belə sürətlə çıxış etmək təhlükəli olsa da, təcrübə də nəticəyə təsir göstərir. Bütün rəqiblərim deyirdi ki, sən bu mübarizədə bizə psixoloji olaraq qalib gəldin”.

İkiqat Paralimpiya çempionu qeyd edib ki, qazandığı uğurlara görə qətiyyətinə borcludur: “Hər idmançı müəyyən bir yerə çatır, ancaq hamı maksimal uğur əldə edə bilmir. Professional idmançı karyerasını bitirdikdən sonra başqa iş axtaranda çox çətinlik çəkirsən. Məsələn, bu gün idmanı atsam, başqa məşğul olacağım bir iş yoxdur. Uzağı, idman müəllimi ola bilərəm.

Mən hər şeydən keçib idmana yönəlmişəm. Ancaq bu sahə ilə professional məşğul olmuşam. Digər məsələlərdə də həmişə idmanı üstün tutmuşam. Məsələn, dostlarım axşam saatlarında harasa çağırırdılarsa, gedə bilmirdim. Ailəmlə ad günü keçirdiyimi xatırlamıram. Həmişə məşqlərdə olmuşam.

Nə Novruz görmüşəm, nə də Yeni il. Müəllimim Nazim İsrafilov mənə deyirdi ki, idmançının bayramı medal qazandığı gündür.

Bütün çətinliklərinə baxmayaraq, idmana yönəldiyim üçün peşman deyiləm, yaxşı ki, bu yolu seçmişəm. Bundan sonra da karyeramı davam etdirib, gələcək Paralimpiya Oyunlarında iştirak etmək istəyirəm. Nə qədər imkanım varsa, çalışacam ki, Azərbaycan idmanına töhfə verim”.

Aytac Sahəd
İdman.biz