Raymon Blondel: “18 paralimpiyaçının Azərbaycana 11 medalla qayıtması əla nəticədir” - EKSKLÜZİV

Müsahibə
17 Sentyabr 2024 09:30
694
Raymon Blondel: “18 paralimpiyaçının Azərbaycana 11 medalla qayıtması əla nəticədir” - EKSKLÜZİV

Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondelin İdman.bizə müsahibəsi

- Azərbaycana ilk rəsmi səfərinizi reallaşdırdınız. Bakı barədə fikirləriniz?

- Bakı şəhəri və onun mehriban əhalisi məni olduqca heyran etdi. Mədəniyyətlərin və tarixin kəsişməsində yerləşən şəhərdə müstəsna təcrübələr yaşadım. Ləziz yeməkləri də unutmayaq! Bundan əlavə, ictimai məkanlarda əlil arabasında olan və ya görmə məhdudiyyətli insanlar üçün inklüziv mühit mövcuddur.

- ⁠Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti barədə nə düşünürsüz?

- İlk növbədə, Paris-2024 Paralimpiya Oyunlarında göstərdikləri nəticələrə görə, Azərbaycanın Milli Paralimpiya Komitəsini təbrik etmək istəyirəm. 18 idmançıdan ibarət nümayəndə heyətinin Vətəninə 11 medalla qayıtması həm idmançıların, məşqçilərin, həm də bunun üçün şərait yaradan Milli Paralimpiya Komitəsinin gərgin işinə əsaslanan əla nəticədir. Üstəlik, Milli Paralimpiya Komitəsi inkişaf edir. Davamlılıqla nəticələnən güclü strukturun qurulması Azərbaycanda Para idmanının inkişafı üçün bazanı təmin edir. İdman proqramlarına qoşulan yeni gənc paraidmançılar getdikcə artacaq və bəlkə də fərqli idman proqramları yaradılacaq. Biz Avropa Paralimpiya Komitəsi olaraq Azərbaycan Milli Paralimpiya Komitəsini əlimizdən gəldiyi qədər dəstəkləyəcəyik. Ümid edirəm ki, 2025-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək Avropa Gənclər Para İdman Oyunlarında Azərbaycandan çox sayda idmançı iştirak edəcək.

- ⁠Ölkəmizə rəsmi səfərinizin əsas mahiyyəti nədən ibarətdir?

- Azərbaycana baş çəkməyimdə əsas məqsəd Milli Paralimpiya Komitəsi ilə əlaqələri genişləndirmək və Azərbaycan Deflimpiya Komitəsi kimi müxtəlif idman təşkilatları ilə tanış olmaqdır. Hörmətli gənclər və idman naziri, cənab Fərid Qayıbovla görüşümüz həm Olimpiya, həm də Paralimpiya idman növlərinə bərabər yanaşmanın vacibliyini vurğulamaq baxımından əhəmiyyətli oldu. Onların bərabər səviyyədə tutulması idmanda inklüzivliyin nə demək olduğunu göstərə və beləliklə, daha inklüziv cəmiyyətə töhfə ola bilər. Həmçinin, Azərbaycan Milli Olimpiya Komitəsi ilə Avropa Paralimpiya Komitəsi arasında əməkdaşlıq imkanlarının müzakirəsi də gündəliyimizdəki vacib nüanslardan biridir.

- ⁠Azərbaycanın Paralimpiya millisinin Parisdə keçirilən Paralimpiya Oyunlarındakı çıxışını necə dəyərləndirərdiniz?

- İlk sualınızın əvvəlində qeyd etdiyim kimi, 5 müxtəlif idman növündə 11 medal qazanmağın böyük nailiyyət olduğunu deyərdim. Ümid edirəm ki, Los Anceles-2028 Paralimpiya Oyunları zamanı Azərbaycanı daha çox idman növündə kifayət sayda idmançıdan ibarət nümayəndə heyəti təmsil edəcək.

- Ölkəmizə səfəriniz çərçivəsində Bakıda keçirilən “Formula-1” yarışlarını da izlədiniz. Azərbaycan Qran-Prisi sizdə hansı təəssüratları yaratdı?

- Möhtəşəm bir hadisə idi. Azərbaycan bu avtoyürüşü şəhərin tam mərkəzində, hətta tarixi ərazilərdə keçirdi. Təşkilatçılar Parisdə keçirilən Olimpiya və Paralimpiya Oyunları kimi bu adrenalin dolu idman növünü əhaliyə daha da yaxınlaşdırdılar. Bəzi məqamlarda bu, çətin və mürəkkəb sayıla bilər, lakin faydaları çoxdur. Bu atmosferdə iştirak etmək inanılmaz bir təcrübə idi.

Banuçiçək Hüseynli
İdman.biz